Ulu öndər Heydər Əliyev 1996-cı il 22 iyun tarixində “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə incəsənət sahəsində xüsusi istedadı olan gənclərin yaradıcılıq fəaliyyətinə böyük dəstək göstərilir. Onlar Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülür, adları “Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır. Həmçinin İlham Əliyevin 2013-cü il 2 iyul tarixli fərmanı ilə “Gənclər üçün Prezident mükafatı” təsis edilib. Mükafat hər il müxtəlif sahələrdə, o cümlədən incəsənət sahəsində xüsusi fərqlənən gənclərə verilir.
Dövlətimizin bu qayğısı sayəsində musiqi sahəsində uğurlar qazanmış gənclər Prezident İlham Əliyevin 60 illik yubileyinə töhfə olaraq konsert proqramı ilə çıxış etmək təşəbbüsü irəli sürmüşdülər. Dekabrın 24-də, ölkə başçısının 60 illik yubiley günündə, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirildi.
Konserti izləyən tamaşaçılar arasında mədəniyyət naziri Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və musiqi məktəblərinin direktorları da var idi.
Zəngin repertuarlı konsertdə Gənclər üçün Prezident mükafatçısı Mustafa Mehmandarovun dirijorluğu ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Kamera Orkestri (baş dirijor və bədii rəhbər – Əməkdar artist Fuad İbrahimov), Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbinin nəfəsli alətlər ansamblı, Prezident təqaüdçüsü müğənni Atəş Qarayev (vokal), Prezident təqaüdçüləri Cəmil Sədizadə, Əbdüləli Hüseynli, Vüsalə Babayeva (hər üçü fortepiano), Zərrin Əliyeva (violin), Orxan Hüseynov (çello), Nicat Məmmədov (fleyta), Atabəy İsmayılov (tar), Nihad Orucov (vokal) çıxış etdilər.
Proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Müslüm Maqomayev, Aqşin Əlizadə, Qara Qarayev, Cahangir Cahangirov, Tofiq Quliyev və Qərb bəstəkarlarının əsərləri səsləndirildi.
A.Əlizadənin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin səhifələrini canlandıran, Vətənin füsunkar təbiətini vəsf edən odlu nəfəsli “Cəngi” əsəri ilə başlayan konsert proqramı zala sanki bir mübarizlik ruhu bəxş etdi. Bəstəkar Əlimərdan Əliyevin “Vətən marşı”, C.Cahangirovun “Qarabağ”, T.Quliyevin “Qaytağı”sı Azərbaycan bəstəkarlıq məktəbinin zənginliyini və gənc istedadların sənətə sevgisini nümayiş etdirdi.
İfalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. M.Maqomayevin “Azərbaycan” mahnısı ilə tamamlanan konsert həm də gənclərin Vətənə və sənətə sevgi mesaji idi.
Lalə