Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində (Maştağa qəsəbəsi) “Nizami Gəncəvi İli” çərçivəsində “Ölməz sənətkar Nizami Gəncəvi və Azərbaycan kinosu” adlı tədbir keçirilib.

Əvvəlcə görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin ifasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Sevgili canan” romansının səsləndirilib.

Sonra milli kinomuzda dahi Nizami Gəncəvinin obrazı və onun qəhrəmanlarının təcəssümü haqqında ətraflı məlumat verilib. “Nizami” (1982) bədii filmində dahi şairin ilham pərisi, həyat yoldaşı Afaq obrazını yaratmış Xalq artisti Həmidə Ömərova ekran əsəri haqqında söz açıb. O, filmin çəkilişi, tərəf-müqabil olduğu Müslüm Maqomayevin rol üzərində necə çalışmasından və s. bəhs edib. Filmdə Məcnun obrazını yaratmış Əməkdar artist Əhməd Salahov da öz xatirələrini bölüşüb.

Daha sonra xanəndə Seyran Əliyev Nizaminin qəzəlləri üstündə “Segah” muğamını ifa edib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızı dahi şairin söz xəzinəsindən seçmələri səsləndirib.