Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Vətən müharibəsində iştirak edən balet artisti Murad Ağayev “Emedia Group”un tərəfindən “Dəmir yumruq” mükafatına layiq görülüb.

Füzulidən Şuşayadək döyüş yolu keçmiş Murad Ağayev ona təqdim edilən bu mükafata görə “Emedia Group”a və bu münasibətlə onu təbrik edən teatr kollektivinə minnətdarlığını belə ifadə edib. Aktyor deyib: “Mən bir vətəndaş kimi, xüsusilə də Akademik Musiqili Teatr ailəsinin bir üzvü kimi könüllü olaraq döyüşlərdə iştirak etdiyimə görə qürur duyuram. Ona görə də mənə təqdim edilən bu mükafatı bütün kollektivimizə aid edirəm. Bu sözləri əbəs yerə demirəm. Kollektivimizin üzvləri müharibə dönəmində arxa cəbhədə daima bizim ailələrimizin yanında oldu, ön cəbhədə fəallıq göstərdi, döyüşdü. Teatrımızın işıqşısı Əliağa Məmmədov şəhid oldu. Bütün şəhidlərimizlə qürur duyuram. Biz bu haqq savaşımızda, müqəddəs amalımız uğrunda böyükdən-kiçiyə “dəmir yumruğ”a dönməyi, həmrəyliyimizi dünyaya nümayiş etdirməyi bacardıq. Böyük Qələbəmiz birliyimizin təntənəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının kollecini bitirən Murad Ağayev 2015-ci ildən Akademik Musiqili Teatrda çalışır. Teatrın  repertuarında olan əksər tamaşalarda iştirak edib və bu ildən şanlı döyüşdən qayıtdıqdan sonra ona baletmeyster assistenti vəzifəsinin icrası da həvalə olunub.