“Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizin hüdudlarından kənarda silsilə layihələr keçirilib. Bu sıradan ilk böyük tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un dəstəyi ilə martın əvvəlində Ankarada gerçəkləşmişdi. “Nizami Gəncəvi İli”nə böyük diqqət ayıraraq sərgi, konsert və təqdimatlar keçirən TÜRKSOY İstanbulda Azərbaycanın dahi şair və mütəfəkkirinin şərəfinə düzənlənən ilin son tədbirində də fəal iştirak edib.

Dekabrın 24-də Azərbaycanın İstanbuldakı Baş konsulluğu, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, İstanbulun Maltepe və Sarıyer bələdiyyələri və qardaş ölkədə fəaliyyət göstərən “Xarıbülbül” Vizyon Teatrı”nın birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir çərçivəsində Nizami Gəncəviyə həsr olunmuş rəsm sərgisi və “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayəsi əsasında hazırlanan tamaşa da nümayiş etdirilib.

Baş konsul Nərminə Mustafayeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Sarıyer Bələdiyyəsinin sədr müavini Hüseyn Coşqun, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı və “Xarıbülbül” Vizyon Teatrı”nın rəhbəri Kamalə Cabbarova tədbirdə iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Bilal Çakıcı deyib: “Türk dünyasının mədəniyyət xəzinəsinə misilsiz töhfələr vermiş möhtəşəm şəxsiyyətlərin gənc nəsillərə tanıdılması devizi ilə fəaliyyətini davam etdirən TÜRKSOY Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvinin anım ili” elan etməsindən sonra bu istiqamətdə bir sıra layihələr həyata keçirib. Nizaminin əsərlərindən ilhamlanaraq sənətsevərlərə təqdim olunan  sərgidəki rəsm əsərlərinin əksəriyyəti bu günlərdə 100 illiyi tamam olan dünya şöhrətli Azərbaycan rəssamı Mikayıl Abdullayevin Nizami yaradıcılığına həsr olunmuş əsərlərindən ibarətdir”.

Baş konsul Nərminə Mustafayeva Nizami Gəncəvinin əsrlər əvvəl qələmə aldığı və onu bütün dünyada şöhrətləndirən əsərlərin mövzu baxımından bu gün də aktual olduğunu və bəşəriyyətə mühüm mesajlar verdiyini vurğulayıb.

Hüseyn Coşqun Sarıyer Bələdiyyəsi olaraq Nizami Gəncəvi kimi dahi şairə həsr edilən, Azərbaycan və Türkiyənin mədəniyyətini bir araya gətirən tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını bildirib.

Mərasimdə “Xarıbülbül” Vizyon Teatrı”nın təqdimatında Nizaminin “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayəsi əsasında tamaşa nümayiş olunub. Layihənin baş koordinatoru Yunus Soyupek, bədii rəhbəri Kəmalə Cabbarova, tərcüməçi Yurtsevər Şən, ssenari müəllifi və rejissoru Adem Yaşar, musiqi və geyim tərtibatçısı Lətafət Rafiqqızı, bədii rəssam və dizayn ustası Tarıyel Əlizadədir.

Mehparə Sultanova
Ankara