Belə deyirlər ki, günlərin bir günü pələnglə ev pişiyi rastlaşır. Havadan-sudan danışıb bir az dərdləşəndən sonra pələng pişikdən soruşur: “Hər necə olsa, qardaş sayılırıq. Ona görə də xətrinə dəyməsin, bir sual verəcəyəm: necə olur ki, mən – pələng bu boyda, bu hünərdə, bu cəsarətdə, amma sən, – mənim qardaşım – bu xırdalıqda, bu acizlikdə? Bildiyim qədər, son zamanlar ovçuluğu da tərgitmisən, qabağına nə qoyurlar, onu yeyirsən”. Pişik bir sağa baxır, bir sola baxır, dərindən köks ötürüb cavab verir: “Qardaş, sən bu insanları yaxşı tanımırsan. Çox demirəm, elə mənim qədər onlarla yanaşı yaşa, görüm, sənin bu boy-buxunundan, çəkindən-sanbalından nə qalır”. Ta pişiyin bu cavabından sonra pələng nə dediyi barədə tarix susur.
Amma öz aramızdır, pişik də yaman diplomatik cavab verib: biz də, o zavallı pələng də nə bilək ki, pişik insanlar arasında yaşamağa işarə vuranda şəxsən özündən danışıb, yoxsa, ümumiyyətlə, insanın vəhşi pişiyi əhliləşdirmə tarixindən. Elm isə sübut edir ki, insan pişiyi on min illər öncə əhilləşdirib. Üstəlik, bu proses insana necə ağır başa gəlibsə, ta ondan sonra bəşər övladı heç bir heyvanı (!) kütləvi şəkildə ev təsərrüfatına daxil etməyib. Ev pişikləri barədə bu qədər, qalanını 2023-cü ili qarşılayanda yazarıq.
İndisə belə deyirlər ki, qarşıdan gələn 2022-ci il Pələng ilidir. Əslində, astroloji təqvimə görə, Pələng ili öz vəzifə və öhdəliklərini ən tezi yanvarın sonundan (Çin təqviminə görə), ən geci martın 21-dən yerinə yetirməyə başlayacaq. İllərin heyvan üstdə təhvil olma ənənəsinin əməl etdiyimiz Yulian təqviminə heç bir aidiyyəti olmasa da, bunu təzə illə necə davranmağın baş məşqi kimi də qəbul etmək olar.
Adətən, Pələng ili cəmiyyətlərin taleyində parlaq hadisələrlə və kəskin dönüşlərlə zəngin il olaraq yadda qalır. Hərçənd ilin üstündə təhvil olduğu heyvanın rənginin də bu məsələdə rolu az deyil. Astroloqlar deyirlər ki, Qırmızı At, hətta Qırmızı Siçan ili belə Ağ Əjdahadan daha qorxuludur. O ki qaldı 2022-ci ilin Pələnginin rənginə, təzə il Mavi Su Pələngi ili olacaq. O da var ki, suyun ən kortəbii ünsür və ən güclü təbii qüvvə, mavi rəngin isə ən qeyri-sabit rəng sayıldığı da gərək nəzərə alına. Bu üzdən də hər kəsin qəfil dəyişikliklərə hazır olması məsləhətdir. Pələng fərqli və şıltaq heyvandır, onunla ehtiyatlı olmaq lazımdır. Su ünsürü onun yırtıcıya xas cəhətlərini bir qədər yumşaldır, qəzəbini və qıcığını azaldır. Hərçənd təbiətdə su da ikili xarakterə malikdir: quraqlıq zamanı yağış kimi xilaskardır, sunami kimi gələndə fəlakət. Odur ki, Su Pələnginin xasiyyətinə uyğunlaşmaq gərəkdir.
Astroloqlar Mavi Su Pələngi ili barədə nə qədər qəribə, hədə dolu xəbərdarlıqlar etsələr də, təlaşlı proqnozlar versələr də, ürəyinizə salmayın. Əmin olun ki, qalib xalqı rəngindən asılı olmayaraq, nə Pələng ili, nə Əjdaha ili ilə bağlı ehtiyatlı olmaq ehtimalları qorxuda bilər. Əgər Siçan ilində bir olub dəmir yumruğumuzu büküb düşmənin başını əzdiksə, Öküz ilində heç bir təxribata uymadan Qələbəmizi möhkəmləndirdiksə, deməli, Pələng ilindən də bizə zaval gəlməz. Üstəlik, bilmirəm, fikir vermisiniz, ya yox, bizim insanlar kiminsə gücünü, qüvvətini, qorxmazlığını vəsf etmək üçün onu ya pələngə bənzədər, ya da şirə.
Bir də ki, əzizlərimiz, ilin hansı heyvan üstündə təhvil olması bəşər övladının həyatına rəng qatmaq üçün uydurulmuş yarıgerçək, yarıyalan nağıldır. Ömrümüzü nağıl kimi yaşamaq isə öz əlimizdədir. Yeri gəlmişkən, həyatda uğur qazanmaqdan ötrü səy göstərərkən heç yorulmayın, müvəqqəti maneələr qarşısında da kefinizi pozmayın: çünki… Çünki bütün nağıllar xoşbəxt sonluqla bitir.
Yeni iliniz mübarək!
Astroloji proqnozları ələyib oxucularımızı “Mədəniyyət”çilər adından təbrik etdi:
Gülcahan Mirməmməd