İsveçrənin Davos şəhərində ənənəvi olaraq qışda keçirilən Dünya İqtisadi Forumu koronavirus pandemiyası səbəbilə bu il də yay mövsümünə ertələnib. Forumun 2022-ci il yanvarın 17-21-də keçirilməsi nəzərdə tutulurdu.
Təşkilatçılar hazırda virusa yoluxmaların artması fonunda insanların çoxsaylı bir araya gəldiyi beynəlxalq tədbirin keçirilməsinin olduqca çətinləşdiyini bəyan ediblər. Verilən məlumata görə, tədbir gələn il yay mövsümünün əvvəlində keçiriləcək.
Davos Forumu yüksək ranqlı siyasət, elm, iqtisadiyyat və media mənsublarının bir araya gəldiyi, cəmiyyəti və iqtisadi dairələri maraqlandıran qlobal mövzularda müzakirələrin aparıldığı beynəlxalq tədbir kimi böyük nüfuza malikdir.
2021-ci ildə də Dünya İqtisadi Forumunun vaxtı dəyişdirilmiş, əvvəlcə mayda, daha sonra isə avqust ayında Sinqapurda keçiriləcəyi elan edilmişdi. Nəhayət, yoluxmaların artımını nəzərə alaraq birbaşa iştirak əsasında forumun keçirilməsindən imtina edilmişdi.