Şanlı Zəfərin şöləsi və Nizami dühası ilə aydınlanan, əsarətdən qurtulan yurd yerlərimizin dirçəlişinə təməl olan, milli ruhumuzun yüksəlişi ilə tarixə yazılan 2021-ci ili başa vururuq. Qarşıdan gələn ilin xalqımız və dövlətimiz üçün daha parlaq, firavan, uğurlu olacağına inamımız tamdır. Çünki illərlə bizi müşayiət etmiş kəsirli, natamam halımızı ötən il tarixə gömdük...

2021-ci il Azərbaycanın müstəqillik tarixində sərhədləri bütöv dövlət kimi yaşadığı ilk il oldu. Ərazi bütövlüyümüzün bərpası ilə milli ruhumuz da tam halına qovuşdu və bu ili 44 günlük Vətən müharibəsinin qalibiyyət havasında keçirdik. Amma o 44 günün Zəfəri o qədər parlaqdır ki, şölələri bundan sonra hələ neçə illəri aydınladacaq, ölkəmizin gələcəyinə, tərəqqisinə işıq salacaq...

Tam otuz il əvvəl, 1991-ci ildə təqvimimizə bir gün daxil oldu: Dünya Azərbaycanlılarının Həmrəylik Günü. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəylik bayramı” kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis müvafiq qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə –  Azərbaycan Respublikası Ali Sovetinə müraciət ünvanladı. 1991-ci il dekabrın 25-də parlament Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında qanun qəbul etdi.

Bu gün sayəsində il sonu bayramımız ikiqat oldu. Lakin bayram bayrama qovuşsa da, onları nə xalq, nə də fərd olaraq ürəkdolusu, tam bir könül xoşluğu ilə yaşaya bilmirdik. Çünki hər ili başa vuranda, dost-tanışı qoşa bayramlar münasibətilə təbrik edəndə yağı tapdağındakı yurd yerlərini yada salıb köks ötürür, “kaş gələn il...” deyə qarşıdan gələn ilin düşərli olmasını diləyirdik...

Artıq ikinci ildir xalqımız, bütün dünyada yaşayan soydaşlarımız il sonunu gerçəkdən ikiqat bayram kimi qeyd edir. İndi sözün hər anlamında bayram bayrama qovuşur. Tarixi Zəfərin xalqımıza bəxş etdiyi sonsuz qüruru müxtəlif ölkələrdəki həmvətənlərimiz də doya-doya yaşayırlar; qalib xalqın təmsilçisi olaraq – alnıaçıq, başıuca. Həmrəylik Gününün təqvimimizə daxil olmasında təşəbbüs və imzası olan ulu öndərin tarixi kəlamı – “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözləri də indi bir deyil, üç nida ilə bəyan ediləcək qədər dərin anlam kəsb edir.

Hər şey axır, hər şey dəyişir... Antik dövr mütəfəkkirlərindən birinə aid edilən bu sözləri, əslində, hər kəs deyə bilərdi. Çünki bu həyatda dəyişiklik labüddür, ən azından günlərin, ayların, illərin bir-birini əvəzləməsi ilə. Tarix boyu yenilənmə, dəyişiklik öncəlik olaraq mədəniyyətlə təzahür edib. Qədimdən bu yana bir xalqın, məmləkətin, hətta böyük imperiyaların inkişaf səviyyəsi mədəniyyətdə, incəsənətdə, ədəbiyyatda, elmdə intibahla ölçülüb. Əsrlərdən bizə qalan ən zəngin dəyər elə mədəni irsdir. Bir yapon məsəlində deyildiyi kimi, dünyada hər şey unudulandan sonra qalan nə varsa, mədəniyyətdir.

Min illərdən üzü bəri uzun yol gələn Azərbaycan mədəniyyətinin tarixinin xüsusilə XX əsrdən bu yana olan hissəsi həm də mətbuat səhifələrində yaşayır. Bu sırada bu il otuz ilini tamamlayan “Mədəniyyət” qəzetinin də öz payı var.

2021-ci ildə ölkəmizin mədəni həyatı, dünyanın bir çox yerlərində Azərbaycan mədəniyyəti adına gerçəkləşən tədbirlər, Nizami Gəncəvinin 880 illiyindən Aşıq Ələsgərin 200 illiyinədək bir çox yubileylər, işğaldan azad edilmiş torpaqlarımızda başlanan quruculuq, xalqımıza Qələbə ruhu yaşadan Vətən övladlarının xatirəsinin yaşadılması üçün reallaşan layihələr qəzetimizin səhifələrində geniş əksini tapdı. Qəzetimiz “Nizami Gəncəvi İli”nə töhfə olan xüsusi buraxılışı ilə də oxucuların görüşünə gəldi...

2022-ci ildə ölkəmizi yeni yüksəliş və tərəqqi dövrü gözləyir. Bu yeni tarixin yazılacağı mətbu salnamədə “Mədəniyyət” imzası ilə oxucuların görüşünə gəlmək diləyi ilə hər kəsi qoşa bayramlar münasibətilə təbrik edirik...

Vüqar Əliyev
baş redaktor