Bu sahənin dünya standartlarına uyğun inkişafının təmin edilməsində Turizm İnstitutunun da üzərinə mühüm məsuliyyət düşür
   
   Respublikamızın zəngin təbii imkanları və iqlim şəraiti turizmin inkişafına əlverişli zəmin yaradır. Yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-u (quru çöllər iqlimindən dağ tundra iqliminədək) burada müşahidə olunur. Bu geniş potensialdan istifadə edib ümumi daxili məhsulun 10 faizini turizmdən əldə edə bilərik.
   
   Turizm bütün dünyada ən gəlirli sahələrdən biridir. Elə ölkələr var ki, milli gəlirlərinin çoxunu məhz turizmdən götürürlər. Son illərdə respublikamızda da turizmə dövlət qayğısı genişlənib. Yeni turist marşrutları açılır, infrastruktur yaradılır, turizm obyektlərində xidmətin səviyyəsi günü-gündən yaxşılaşır. Turizmin inkişafı yalnız iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan önəmlidir. Xarici ölkələrdən gələn turistlər əla istirahət etməklə yanaşı ölkəmizlə, onun tarixi, indiki vəziyyəti və gələcək planları ilə tanış olurlar. Turizm sahəsində bugünkü nailiyyətlərimizi düzgün qiymətləndirmək üçün ölkəmizdə bu sahənin inkişaf tarixinə qısa nəzər salmaq yerinə düşər.
   Azərbaycanda turizmin tarixi XX əsrin əvvəllərindən başlanır. 1908-ci ildə Krım-Qafqaz klubunun bir bölməsi Bakıda fəaliyyətə başlamışdı, burada turizmlə bağlı araşdırmalar aparılır, ekskursiyalar təşkil olunurdu. Bakıda “Astoriya”, “Ermitaj”, “Marsel”, “Metropol” kimi mehmanxanalar fəaliyyət göstərirdi. Karvansaralardan da mehmanxana kimi istifadə olunurdu.
   Rusiya Turist Cəmiyyəti 1910-cu ildən etibarən Qafqaza müstəqil səyahətlər təşkil edirdi. 20-ci illərin əvvəllərində Bakı realnı məktəbində ilk ekskursiyalar, 1922-ci ildə isə ekskursiya dərnəkləri təşkil edilmişdi. 1927-ci ildə Bakıya ilk dəfə Almaniyadan 10 nəfərlik turist qrupu gəlmişdi. 1928-ci ildə “Sovetski turist” və 1929-cu ildə “İnturist” səhmdar cəmiyyətləri yaradılmış və bu cəmiyyətlər Qafqaza turizm marşrutları açmışdı. Bakıda turizm təşkilatlarının bölmələri fəaliyyət göstərirdi. 1936-ci ildə Bakı Turizm Bazası, Hacıkənd Turist Evi və Göygöl turist düşərgəsi, 1950-ci ildə Bakı Ekskursiya Bazası yaradıldı, 1952-ci ildə Bakı Turist Bazası onun tərkibinə daxil edildi. 1957-ci ildə Azərbaycan Turist Ekskursiya İdarəsi, 1960-cı ildə Göygöl, 1962-ci ildə Mingəçevir və Hacıkənd turist bazaları fəaliyyətə başladı. 1967-1984-cü illərdə Yalamada “Sputnik” turist düşərgəsi, Gəncə, Sumqayıt, Abşeron, Naftalan, Xankəndi, Mingəçevir, Naxçıvan, Lənkəran, Ordubad, Zaqatala, Şuşa, Qobustan ekskursiya büroları yaradıldı. Azərbaycan SSR Xarici Turizm İdarəsi təşkil edildi. 1987-ci ildə Azərbaycandan 10 min nəfər xarici ölkələrə turist səfərinə getmişdi. Həmin dövrdə respublikamızda 17 turizm və ekskursiya bürosu, 8 turist bazası və 6 mehmanxana fəaliyyət göstərirdi. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan müharibə səbəbindən bir sıra sahələrdə olduğu kimi, turizm sahəsində durğunluq yarandı. Vəziyyət tədricən 90-cı illərin sonuna doğru düzəlməyə başladı.
   Amma turizmin inkişafını adekvat təmin etmək üçün yetərli kadr potensialı yox idi. Turizm sahəsində xidmət personalının hazırlanması işi, demək olar ki, diqqətdən kənarda qalmışdı. Bu da xarici ölkələrdən respublikamıza turist axınının səviyyəsinin yüksəlməsinə ciddi əngəl törədirdi.
   1999-cu il iyunun 4-də “Turizm haqqında” qanun qəbul edildi. 2001-ci il aprelin 18-də Gənclər və Turizm Nazirliyi, 30 yanvar 2006-cı il tarixdə isə Mədəniyyət və Turizm Nazirliyi təşkil edildi. Bundan sonra Azərbaycanda turizmin inkişafı yeni mərhələyə qədəm qoydu.
   Turizmi inkişaf etdirmək üçün respublikamızda yeni istirahət mərkəzlərinin, hotellərin və s. inşası, turizm infrastrukturunun yaradılması paralel olaraq bu sahədə kadr hazırlığının da yüksək səviyyədə təşkilini zəruri edirdi. 2006-cı ilin fevralında Azərbaycan Turizm İnstitutunun (ATİ) yaradılması da bu zərurətdən irəli gəlmişdi.
   Turizm işinin bütün sahələri üzrə kadrların hazırlanması ATİ-nin qarşısında duran əsas vəzifədir. İndi ATİ-də 7 kafedra fəaliyyət göstərir və bunlar turizmin bütün sahələri üçün kadr hazırlığı ilə məşğuldur. Burada turizm sənayesi üçün 11 ixtisasda kadr hazırlanır: turizm və hotelçilik, menecment, marketinq, regionşünaslıq, tərcümə, macəra, ekstremal və dağ turizmi, sosial iş və s.
   Gənc təhsil ocağı olmasına baxmayaraq ATİ ölkəmizdə turizm sahəsində kadr hazırlığına güclü təkan verir. Geniş auditoriyalar, müasir texniki vasitələrlə təchiz olunmuş laboratoriyalar tələbələrin ixtiyarına verilib. İnstitutda kifayət qədər professor və müəllim heyəti çalışır. 186 nəfər müəllim heyətindən 30 nəfəri professor və dosent, 9-u elmlər doktoru, 58-i fəlsəfə doktorudur. Burada magistr, fəlsəfə doktoru və elmlər doktoru hazırlığına icazə verilib və bunun üçün hər cür şərait var.
   İnstitutda zəngin kitabxana da fəaliyyət göstərir. Burada 7000 nüsxəyə yaxın mühüm dərslik və ədəbiyyat, 1000-dən artıq kitabça, 200-dən artıq disk, 1000 nüsxə dərslik, 30 adda qəzet və jurnal var. Qısa müddətdə belə zəngin kitabxana fondunun yaradılması, əlbəttə, xeyli zəhmət və vəsait tələb edir.
   Hazırda ATİ-də 1300-dən çox tələbə Azərbaycan, rus və ingilis dillərində təhsil alır. 2010-2011-ci tədris ilindən başlayaraq beynəlxalq münasibətlər və qida mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığına başlanılıb. Turizm sahəsi üçün ixtisaslı mütəxəssislər hazırlamaq məqsədilə ATİ-də qısamüddətli kurslar da təşkil olunub. Eyni zamanda institut turizmlə məşğul olan təşkilatlara elmi-metodiki xidmət göstərir.
   ATİ-nin tələbələrinin aldıqları nəzəri biliklərin istehsalatda tətbiqini təkmilləşdirmək üçün 22 həftəlik istehsalat təcrübəsi keçirilir. İstehsalat təcrübəsi həm respublikada, həm də respublikadan kənarda aparılır. İnstitutun 100-dən çox tələbəsi turizmin yüksək səviyyədə təşkil olunduğu Türkiyə, Şimali Kipr, Yunanıstan və İsrailin turizm ocaqlarında tanışlıq və ya istehsalat təcrübəsi keçib. ATİ kadr hazırlığında Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” bağlayıb.
   İnstitutun tələbələri xarici ölkələrdə də təhsil almaq imkanına malikdir. Birinci kursun sonunda İELTS proqramı üzrə 6 baldan yuxarı səviyyə sertifikatı alan tələbələr Avstriya-Azərbaycan turizm proqramı qrupuna daxil ola və bu yolla bakalavr təhsilini bitirərək həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını ala bilərlər. İnstitut beynəlxalq əlaqələrini inkişaf etdirərək Avropa İttifaqının Erasmus Mundus xarici əməkdaşlıq proqramı çərçivəsində Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və s. ölkələrin universitetləri ilə əməkdaşlıq edir.
   Ali turizm təhsili ilə yanaşı bacarıqlı xidmət personalının hazırlanması üçün ATİ-nin təlim mərkəzi yaradılıb. Təlim mərkəzi Bakıda, həmçinin turizm potensialının mövcud olduğu Lənkəran, Xaçmaz, Quba və s. rayonlarda turizm kursları təşkil edib.
   Dövlətin turizmə diqqəti sayəsində bu sahənin inkişafı üçün geniş imkanlar açılır. 2000-ci ildən başlayaraq hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Bu da respublikamızın turizm potensialını təbliğ etməkdə mühüm rol oynayır. Görülən tədbirlər nəticəsində ölkəmizə xarici ölkələrdən gələn turistlərin sayı günü-gündən artır.
   2011-ci il Azərbaycanda “Turizm ili” elan edilib. Bu il çərçivəsində ölkəmizdə yeni infrastruktur layihələrinin icrası, beynəlxalq şəbəkəyə daxil olan hotellərin açılışı gerçəkləşəcək. Təkcə Bakıda beşulduzlu beş hotel açılacaq. Bu hotellərdə və başqa turizm obyektlərində çalışmaq üçün peşəkar işçilərin hazırlanması ATİ-nin öhdəsinə düşür. Respublikamızda turizm sənayesi üçün yüksəkixtisaslı kadr hazırlayan təhsil ocağının missiyası Azərbaycan turizminin yüksək dünya standartı ilə ayaqlaşmasına töhfə verməkdir.
   ATİ-də 2008-2016-cı illəri əhatə edən strateji inkişaf planı qəbul edilib. Bu, institutun daha sürətli inkişafına təkan verə biləcək proqramdır. Burada bir məsələni də qeyd etmək yerinə düşər ki, respublikamızda turizm sənayesinin inkişafına mühüm töhfə verən belə bir ali təhsil ocağının adının universitet olması və onun respublikamızda fəaliyyət göstərən digər universitetlərlə bir kateqoriyaya malik olması arzuediləndir.
   
   Həsən Quliyev,
   filologiya elmləri doktoru, professor







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar