“Türkiyə-Azərbaycan deyincə ilk olaraq Heydər Əliyevin “İki dövlət, bir millət” deyimi ağlımıza gəlir. Eyni zamanda Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” anlayışı da Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin sübutudur”.

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım bu sözləri Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən danışarkən bildirdi.

B.Yıldırım vurğuladı ki, məhz bu qardaşlıq münasibətlərinin göstəricisi olaraq, 30 il öncə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə oldu və o gündən bu günədək Azərbaycanın inkişafında, rifahında, təhlükəsizliyində qardaş ölkə lazım olan dəstəyi verir: “Azərbaycan da qarşılıqlı olaraq Türkiyəyə dəstəyini əsirgəmir. Enerji təhlükəsizliyi, nəqliyyat kimi böyük layihələr bu gün prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörənliyi əsasında həyata keçirilir. Bakı-Tblisi-Qars dəmiryolu xətti, Bakı-Tbilisi-Ceyhan neft boru xətti, TANAP, TAP qaz layihələri – bunlar sadəcə Türkiyə ilə Azərbaycan arasındakı layihələr deyil, Orta Asiyanı, bütün Qafqazı və hətta Avropanın enerji və logistika sahəsində təhlükəsizliyini təmin edən layihələrdir”.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozaraq, Qarabağı işğal etməsinə otuz ilə yaxın bir müddətdə beynəlxalq təşkilatların faktiki seyrçi qaldıqlarını, ATƏT-in Minsk qrupunun real çözüm ortaya qoymadığını xatırladan B.Yıldırım qeyd etdi ki, bu müddətdə iki qardaş ölkə də fəaliyyətsiz qalmadı: “Azərbaycanın güclü ordusu quruldu, Türkiyənin hərb təcrübəsi azərbaycanlı hərbçilərimizə öyrədildi. Danışıqlar masasından bir nəticə hasil olmayınca, bizdə bir deyim var, “dırnağın varsa, başını qaşı” təbirilə, Azərbaycan da özü ilə bağlı bu qərarı verdi. Təbii ki, bu da asan məsələ deyildi. Belə bir qərarı vermək bir liderlik və cəsarət tələb edirdi ki, bunu da cənab İlham Əliyev layiqincə bacardı. Və bütün bu fəaliyyətlər 44 günlük savaşda öz bəhrəsini verdi. Çox şükür ki, otuzillik işğal başa çatdı və nəticədə Azərbaycan bayrağı Şuşanın zirvəsinə sancıldı. Prezidentlərimizin iştirakı ilə Şuşa Bəyannaməsi imzalanarkən bir daha şahid odum ki, bu bəyannamə 44 günlük Zəfərdən sonra Azərbaycan-Türkiyə qardaşlığının və həmrəyliyinin bütün dünyaya elan edildiyi bir sənəddir. Bu bəyannamə artıq işğal dönəminin keçmişdə qaldığını təsdiqləyir. Şuşa Bəyannaməsi Azərbaycanın inkişafı üçün yeni bir səhifə açır. O sənəddə Zəngəzur dəhlizinin açılması, Laçın dəhlizi ilə bərabər yol və infrastrukturun bərpası, qaçqın-köçkünlərin yurd-yuvalarına dönməsi və bir çox digər məsələlər əksini tapıbı. O maddələr də hazırda həyata keçirilməkdədir”.

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri bildirdi ki, biz iki qardaş ölkə olaraq bundan sonra sevinclərimizi paylaşıb çoxaldacağıq, kədərlərimiz olursa, onu da paylaşıb, azaldacağıq: “Bunu hər kəs bilməlidir ki, Türkiyənin 84 milyonluq əhalisi ilə Azərbaycan xalqı qardaşdır, bir millətdir, iki dövlətdir və bu qardaşlıq sonsuza qədər davam edəcəkdir”.

Mehparə Sultanova
Ankara