Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşkilatçılığı ilə “Azərbaycan incəsənətində Nizami Gəncəvi irsinin təcəssümü” mövzusunda videokonfrans keçirilib. Konfransa Bakı Xoreoqrafiya Akademiyasının, Gəncə Dövlət Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları qatılıblar.

Onlayn konfransı BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova açaraq iştirakçıları salamlayıb.

Konfransın bədii hissəsində BXA-nın Musiqi sənəti kafedrasının baş müəllimi Lalə Hüseynlinin müəllifi olduğu “Nizami qəzəlləri” musiqili-xoreoqrafik kompozisiyası təqdim olunub. Kompozisiyada “Ay üzlü Nigarım, kimə mehman olacaqsan?” qəzəli, Üzeyir Hacıbəylinin dahi şairin sözlərinə yazdığı “Sənsiz” və “Sevgili canan” romansları tələbələrin rəqs (rəqs üzrə müəllim və xoreoqraflar – Xalq artist Cəmilə Bayramova, Əməkdar artist Eteri Cəfərova) və instrumental ifaları ilə təqdim olunub. Qeyd edək ki, bu çıxış instrumental ifaçılıq ixtisası üzrə təhsil alan tələbələrin rəqs sənəti üzrə konsertmeyster ustalığı üzrə ilk yaradıcı təcrübəsidir.

Bədii hissənin davamı olaraq Qara Qarayevin “Yeddi gözəl” baletindən slavyan gözəlinin rəqsi BXA-nın orta ixtisas təhsil pilləsinin III kurs tələbəsi Səbinə Məmmədovanın (müəllim – Əməkdar artist Rimma İsgəndərova) ifasında nümayiş olunub. “Oyanmış miniatürlər kompozisiyası” rəqsini BXA-nın bakalavr təhsil pilləsinin I və II kurs tələbələrinin (müəllim-xoreoqraf – Xalq artisti Cəmilə Bayramova) ifasında təqdim olunub.

Bədii hissədən sonra Gəncə Dövlət Universitetinin Musiqi fənləri kafedrasının müəllimləri Leyla Nəbiyeva “Azərbaycan bəstəkarlarının xor əsərlərində Nizami Gəncəvinin poeziyasının təcəssümü”, İradə Abdurəhmanova “Q.Qarayevin yaradıcılığında Nizami Gəncəvi poeziyasının təcəssümü”, BXA-nın Klassik rəqs kafedrasının müdiri Mayra Almaszadə Fikrət Əmirovun “Nizami” balet tamaşası, BXA-nın Sənətşünaslıq kafedrasının baş müəllimi Atababa Hacıbabayev “Nizami Gəncəvi obrazı Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində”, həmin kafedranın müəllimləri Sevinc Əliyeva “Müstəqillik dövrü Azərbaycan rəssamlarının yaradıcılığında Nizami obrazı”, Aygül Hüseynova “Nizami obrazları miniatür sənətində”, BXA-nın İctimai fənlər kafedrasının dosenti Vəfa Əliyev “Azərbaycan ədəbiyyatında nizamişünaslığın təşəkkülü”, kafedranın müəllimi Dinara Əliyeva “Nizami Gəncəvinin İntibah poeziyasında özünü tapma cəhdləri (“Yeddi gözəl” poemasının təhlili əsasında)”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, professor Kübra Əliyeva “Nizamı Gəncəvinin “Yeddi gözəl” əsəri Azərbaycanın qədim tarixinin, elminin və mədəniyyətinin öyrənilməsinin mənbəyi kimi” mövzularda məruzələrlə çıxış ediblər.

Konfransın sonunda BXA-nın Baletmeyster sənəti kafedrasının müəllimi Nigar Mirzəyeva tərəfindən Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından Məğrib gözəlinin əfsanəsi təqdim olunub.