Dekabrın 29-da Xalq yazıçısı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin (1921-2003) anadan olmasının 100 ili tamam oldu.

Əzizə Cəfərzadənin bədii yaradıcılığı Azərbaycan tarixi nəsrində özünəməxsus yer tutur. Yazıçının müxtəlif tarixi mövzulu əsərləri janr baxımından da rəngarəng, ideyaca diqqətəlayiq nümunələrdir. Onun elmi tədqiqatları isə Azərbaycan filoloji fikrinin zənginləşməsinə və inkişafına ciddi töhfələrdir.

Əzizə Cəfərzadə, həmçinin bir sıra xarici müəlliflərin, o cümlədən Ə.Kabaklının “Əjdaha daşı”, S.Smirnovun “Brest qalası”, Ş.Rəşidovun “Güclü dalğa”, A.Lixanovun “Mənim generalım” və digər əsərləri Azərbaycan dilinə tərcümə edib. Yazıçının öz əsərləri də rus, fars, ərəb, qazax və başqa dillərə tərcümə edilərək nəşr olunub.

Yubiley münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Əzizə Cəfərzadə – 100” adlı virtual sərgi təqdim edib.

Sərgidə görkəmli yazıçının müəllifi olduğu əsərlər, mükafatları, fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərginin linki: http://anl.az/el/vsb/Ezize_Ceferzade/index.htm