Heykəltəraş Albert Mustafayevin 90 illik yubileyi qeyd olundu

 

Nizami Kino Mərkəzində Əməkdar rəssam, görkəmli heykəltəraş, Memarlıq və İnşaat Universitetinin professoru Albert Mustafayevin 90 illik yubileyi münasibətilə tədbir keçirildi.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə dekabrın 29-da gerçəkləşən tədbirdə sənətkarın yaradıcılıq yoluna nəzər salındı, onun mədəniyyətimizdə, milli heykəltəraşlıq sənətindəki mühüm xidmətlərindən söz açıldı.

Mərasimdə çıxış edən millət vəkili Vüqar İsgəndərov sənətkarın özünəməxsus yaradıcılıq yolu, paytaxt Bakıya xüsusi yaraşıq verən əsərləri, eləcə də onun pedaqoq, elmi rəhbər kimi yeni memarlar nəslinin yetişməsindəki rolundan bəhs etdi.

Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Albert Mustafayevin ömrünün böyük hissəsini həsr etdiyi universitetin həyatındakı önəminə nəzər saldı. Onun həm tələbkar müəllim, həm məsuliyyətli elm adamı, həm də zəhmətkeş tədqiqatçı olduğunu dedi. Bildirdi ki, Nizami Kino Mərkəzinin fasadındakı Füzuli abidəsi də onun yaradıcılıq məhsuludur.

Qocaman yubilyara cansağlığı arzulayan rektor onun irsinin gələcək nəsillər üçün gözəl sənət nümunəsi olduğunu vurğuladı.

Azərbaycan Fotoqrafçılar Birliyinin sədri Mirnaib Həsənov isə heykəltəraşın fotoqraf kimi fəaliyyətinə nəzər saldı, onun ötən əsrin 60–70-ci illərdə görkəmli sənətkarlarımızın yaddaşlara köçürdüyü fotolarının hər birini ayrıca sənət nümunəsi kimi dəyərləndirdi.

Tədbir iştirakçıları Albert Mustafayevin çəkdiyi fotolardan ibarət maraqlı sərgi ilə də tanış oldular.

Daha sonra yubilyar sənətkarın həyat və yaradıcılıq yolundan bəhs edən “Susan insanın heykəlləri” adlı sənədli film nümayiş olundu. Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədova, operatoru Habil Muğanlıdır.

Xatırladaq ki, Albert Zaman oğlu Mustafayev 26 yanvar 1931-ci ildə Şəkidə doğulub. Sənətkar Bakı şəhərində “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Nizami Kino Mərkəzinin baş fasadındakı Nizami Gəncəvi, vaxtilə Şuşada, Molla Pənah Vaqifin məqbərəsində qoyulmuş Vaqifin heykəlinin müəllifidir.

Onu da qeyd edək ki, ölkə başçısının 26 yanvar 2021-ci il tarixli sərəncamı ilə heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

H.Nizamiqızı