Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2022-ci ilin Türk Dünyası Mədəniyyət Paytaxtı elan edilən Bursanın şəhərində paytaxt ilinin loqosu və fəaliyyət proqramı təqdim edilib.

Dekabrın 29-da Bursa şəhərində baş tutan tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Bursa valisi Yakup Canbolat, Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş, millət vəkilləri, qurum və təşkilatların nümayəndələri, mətbuat mənsubları iştirak ediblər.

Nazir Mehmet Nuri Ərsoy çıxış edərək bildirib ki, TÜRKSOY Türk dünyasının bütöv olma iradəsini öz üzərinə götürərək, zəngin bir mədəniyyətin varisləri olan türk xalqlarının irsini dünyada təbliğ edir. Türk xalqlarının dəyərləri, adət-ənənələri nümayiş etdirilir, beynəlxalq səviyyədə dünya mədəniyyətləri arasında layiq olduqları mövqeyi tutur.

Bursanın mədəni və tarixi dəyərlərinin əhəmiyyətindən bəhs edən nazir Türk Dünyası Mədəniyyət Paytaxtı bayrağının layiqincə dalğalandıracağına ümid etdiyini bildirib.

Bələdiyyə başqanı Alinur Aktaş deyib ki, Bursanı beynəlxalq arenada tanıtmaq üçün göstərilən səylərin bəhrəsini almaqdan çox məmnundur: “Şəhərimizi bütün dünyaya tanıtmaqla yanaşı, TÜRKSOY çətiri altındakı fəaliyyətimizlə də Türk dünyasının adət-ənənələrini də dünyaya yayacağıq...”.

Bursanın Türk Dünyasının Mədəniyyət Paytaxtı loqosunu təqdim edən Alinur Aktaş 2022-ci ildə həyata keçirməyi planlaşdırdıqları işlər haqqında geniş məlumat verib.

Görüşdən sonra kollektiv şəkil çəkdirilib.

Mehparə SULTANOVA
Ankara