Bakı Dövlət Universitetində (BDU) “Əzizə Cəfərzadə yaradıcılığı Azərbaycan nəsrində yeni mərhələ kimi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr edilib.

Universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru, professor Mais Süleymanov Əzizə Cəfərzadənin məzunu və professoru olduğu BDU-da elmi-praktik konfransın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, ədibin irsinin ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirildiyini, dövlətimiz tərəfindən ədibin “Xalq yazıçısı” fəxri adına layiq görüldüyünü vurğulayıb.

M.Süleymanov həmçinin yazıçının əsərlərinin Azərbaycanda bədii-estetik fikrin, oxucu zövqünün, mütaliə mədəniyyətinin formalaşmasında, milli özünüdərkin inkişafında mühüm rol oynadığını qeyd edib.

Konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Almaz Ülvi “Əzizə Cəfərzadənin yaradıcılığında tarixi obrazlar”, tənqidçi Əsəd Cahangir “Əzizə Cəfərzadə və milli özünüdərk”, BDU-nun dosenti Pərviz Kazımi “XX əsr Azərbaycan ədəbiyyatında Əzizə Cəfərzadə hadisəsi” mövzularında məruzə ediblər.

Sonda Xalq yazıçısının oğlu Turan İbrahimov anasının yaradıcılığına göstərilən diqqətə görə BDU-nun rəhbərliyinə təşəkkürünü bildirib. Turan İbrahimov ədibin əsərlərinin son nəşrlərini BDU-nun Elmi Kitabxanasına hədiyyə edib.