Xalqımızın Zəfər ruhu ilə yaşadığı 2021-ci il Azərbaycan tarixinə parlaq səhifə kimi yazıldı. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qarabağ zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, ölkəmizin beynəlxalq nüfuzu daha da gücləndirildi və qarşıya qoyulan əsas hədəflərə nail olundu. 2021-ci il, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin başlanması ilə yadda qaldı. Başa çatan il, həmçinin ölkəmizin mədəni həyatında əlamətdar hadisələrlə yadda qaldı, “Nizami ili”nin salnaməsinə beynəlxalq miqyaslı layihə və tədbirlər yazıldı.

2021-ci ilin mühüm ictimai-siyasi, mədəni hadisələrini yada salaq.

 

5 yanvar. Azərbaycan Respublikası Prezidenti 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzaladı.

11 yanvar. Prezident İlham Əliyev Moskvada işgüzar səfərdə oldu. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüşün yekunu olaraq Birgə Bəyanat imzalandı.

14 yanvar. Prezident İlham Əliyev Füzuli-Şuşa yolunun (Zəfər yolu), həmçinin Füzuli Beynəlxalq Hava Limanının təməllərini qoydu. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində oldular.

Bu, Müzəffər Ali Baş Komandanın Şuşaya ilk səfəri idi. Şuşanın işğalından sonra erməni vandalizminə məruz qalmış Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri – əzəli məkana qaytarılaraq yenidən doğuluşunu yaşadı...

25 yanvar. Ölkə ərazisində bır sıra iş və xidmətlərin, o cümlədən muzey və sərgi zallarının fəaliyyətinə, həmçinin şəhərlərarası və rayonlararası hərəkətə icazə verilir:

20 mart. Prezident İlham Əliyev Cıdır düzündə Novruz tonqalı yandırdı və Novruz bayramı münasibətilə xalqı təbrik etdi.

27 aprel. Prezident İlham Əliyev Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoydu.

7 may. Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı.

12-13 may. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Cıdır düzündə “Xarıbülbül” Musiqi Festivalı keçirildi. 30 il sonra bərpa olunan musiqi bayramı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşdi.

28 may. Ağdam şəhərinin bərpasının təməl daşı qoyuldu. Prezident İlham Əliyev mərasimdə iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

29 may. Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verildi. Prezident İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış oldu.

4-6 iyun. Bakıda Formula-1 üzrə dünya çempionatının altıncı mərhələsi – Azərbaycan Qran-Prisi keçirildi.

15 iyun. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada rəsmi səfərdə oldu. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etdilər.

7 iyul. Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzaladı. Fərmana əsasən, Azərbaycanda iki yeni iqtisadi rayon – Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı.

17 avqust. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının təməli qoyuldu.

29 avqust. Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olundu.

30 avqust. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə Vaqif Poeziya Günləri yenidən təşkil olundu.

23 sentyabr. BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olundu.

27 sentyabr. Azərbaycanın ən yeni tarixinə şan və şərəf salnaməsi kimi yazılan 44 günlük Vətən müharibəsinin ildönümü – Anım Günü ilk dəfə qeyd olundu. Bu münasibətlə Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da qatıldığı yürüş keçirildi.

1 oktyabr. Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalmalar çərçivəsində mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), kinoteatrların, teatrların fəaliyyəti bərpa olundu.

4 oktyabr. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

6-10 oktyabr. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VII Bakı Beynəlxalq Kitab Sərgisi ı keçirildi. Bakı Ekspo Mərkəzində təşkil edilən sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuşdu

17 oktyabr. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli şəhərin bərpasının və memorial kompleksin təməl daşını qoyuldu.

20 oktyabr. Zəngilanın işğaldan azad edilməsinin ildönümündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda bir sıra təməlqoyma və açılış mərasimlərində iştirak etdilər, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

20 oktyabr. Bakıda “Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin açılışı oldu. Sərgidə dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları nümayiş etdirildi.

25 oktyabr. Prezident İlham Əliyev Qubadlı rayonun işğaldan azad edilməsinin ildönümündə Qubadlıya səfər etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

26 oktyabr. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Dövlət başçılarının iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyuldu.

8 noyabr. Azərbaycan Vətən müharibəsində qələbənin ildönümünü – Zəfər Gününü təntənə ilə qeyd etdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak etdilər, Şuşada Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının yeni binasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlləri qoyuldu.

12 noyabr. Türk Dövlətləri Təşkilatı yaradıldı. İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü çərçivəsində təşkilatın adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Zirvə görüşündə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim olundu.

15-26 noyabr. Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Beynəlxalq Nizami Gəncəvi Festivalı keçirildi.

17 noyabr. UNESCO Baş Konfransının 41-ci sessiyası (Paris) çərçivəsində UNESCO İcraiyyə Şurasına keçirildi. Azərbaycan Şərqi Avropa ölkələri qrupundan növbəti dörd il müddətinə qurumun ali icra orqanına üzv seçildi.

24-26 noyabr. Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirildi. Foruma 15 ölkədən nümayəndələr qatılmışdı.

24 noyabr. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsində şanlı Zəfərimizin birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans keçirildi.

26 noyabr. Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş oldu.

28 noyabr. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında iştirak etdi.

2 dekabr. Bakıda, ADA Universitetində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüş “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçirildi.

14-15 dekabr. Prezident İlham Əliyev Brüsseldə Şimali Atlantika Şurasının iclasında və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak etdi. Sammit çərçivəsində dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş keçirildi.

28 dekabr. Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etdi.