Xəbər verdiyimiz kimi, Nizami Gəncəvinin 880 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən xatirə nişanı təsis edilib. Xatirə nişanı “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı, fəaliyyəti ilə fərqlənən mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimlərinə təqdim edilir. Ötən ilin son iş günü, dekabrın 30-da Azərbaycan Milli Kitabxanasında bir qrup incəsənət xadiminə “Nizami Gəncəvi-880” xatirə nişanının təqdimetmə mərasimi keçirildi.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami ili” elan edilməsi dövlətimizin Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. “Nizami ili” çərçivəsində ölkəmizdə və xaricdə reallaşan layihələrdən söz açan Elnur Əliyev dedi: “Xalqın ən böyük sərvətlərindən biri onun milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir. Çünki bir xalqın dünya sivilizasiyasında özünəməxsus yer tutmasında onun düha sahibləri xüsusi rol oynayır. Biz də o xoşbəxt xalqlardanıq ki, söz yaradıcılarımız bəşəriyyətə öz töhfələrini verib və bütün dünyada tanınır, sevilir. Belə əvəzolunmaz dahilərimizdən biri də Nizami Gəncəvidir. Azərbaycan xalqı üçün Nizaminin şəxsiyyəti və yaradıcılığı xüsusi önəm daşıyır. Nizami əsərlərində bütün fikrini cəmiyyətə, insanlar arasında münasibətlərin tənzimlənməsinə yönəldib. O, insan cəmiyyətinə kompleks formada yanaşıb və onun problemlərinin həlli yollarını göstərib. İnsan və cəmiyyəti düşündürən elə bir məsələ yoxdur ki, Nizami əsərlərində ona toxunmasın. Azərbaycanda multikultural cəmiyyətin yetişməsində, şübhəsiz ki, dahi şairimizin rolu var”.

Ömrü boyu Gəncədə yazıb-yaradan Nizaminin poemalarında hadisələrin, qəhrəmanların böyük bir coğrafiyanı əhatə etdiyini deyən Elnur Əliyev vurğuladı ki, şairin XII əsrdə tərənnüm etdiyi ümumbəşəri dəyərlər, humanizm ideyaları Avropada da yayılıb. Bu mənada Azərbaycan bir çox inkişaf etmiş ölkələrə nümunə ola bilər: “Məqsədimiz müasir günümüzdə Nizami ideyalarını bütün dünyaya daha geniş şəkildə təbliğ etməkdir. Nizami fəlsəfəsi bu coğrafiyanın hələ XII əsrdən intellektli insanların, mədəni müxtəlifliyin, tolerantlığın beşiyi olduğunu göstərir”.

Nazirin birinci müavini qeyd etdi ki, mədəniyyətlərarası ziddiyyətlərin dərinləşdiyi, dini ayrı-seçkiliyin siyasi ritorikada aktuallaşdığı bir vaxtda sülhü, ədaləti, dialoqu, həmrəyliyi təbliğ edən mütəfəkkirlərin tanıdılması çox vacibdir. Bu baxımdan belə ənənələri formalaşdıran Nizami Gəncəvilərin dünyada təbliği böyük əhəmiyyət kəsb edir.

Daha sonra Elnur Əliyev incəsənət nümayəndələrinə “Nizami Gəncəvi-880” xatirə nişanlarını təqdim etdi. Təltif olunanlar arasında Xalq artistləri Nurəddin Mehdixanlı, Yalçın Adıgözəlov, Fuad Osmanov, Samir Cəfərov və başqa tanınmış sənət adamları vardı.