Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un qərargahında görkəmli təbrizli musiqiçi, bəstəkar, pedaqoq və şair Həsən Dəmirçinin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə ictimaiyyət nümayəndələri, eləcə də Ankarada yaşayan və fəaliyyət göstərən Cənubi Azərbaycan ziyalıları iştirak ediblər.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı-publisist Yaqub Öməroğlu, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Ankara Universitetinin əməkdaşı Rza Heyət, şair-yazıçı, ssenarist Azəryar Danişvər çıxış ediblər.
Çıxışlçılar Həsən Dəmirçinin nadir yaradıcılıq üslubu ilə poeziya və musiqisevərlərin qəlbini oxşadığını, dərin məzmunlu şeirləri, nota köçürdüyü nəfis əsərləri ilə Azərbaycan-türk mədəniyyətinin inkişafına böyük töhfələr verdiyini, zaman keçdikcə Həsən Dəmirçinin yaradıcılıq irsinin daha dərindən araşdırılacağını bildiriblər.
Bədii hissədə Həsən Dəmirçinin "Eşq olsun", "İstək", "Ey, ana Vətən" şeirləri səsləndirilib, “Durnam uçdu”, “Haraylı Təbriz”, “Hey, hey”, “Oğlum” şerlərinə bəstələnmiş mahnıları ifa edilib.
Mehparə Sultanova
Ankara