Qazaxıstanın Aktau şəhəri M.Oskinabayev adına Filarmoniyada Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan konsert keçirilib.

Azərbaycanın Aktaudakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Manqistau vilayətinin akimi (qubernatoru) Nurlan Noqayev Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Akim iki qardaş xalq arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından belə görüşlərin əhəmiyyətli olduğunu söyləyib.

Ölkəmizin Aktaudakı baş konsulu Elmar Məmmədov başa çatan 2021-ci ilin Azərbaycanda dahi şairin şərəfinə “Nizami Gəncəvi İli” olaraq qeyd edildiyini vurğulayıb. Diplomat dünya ədəbiyyatına böyük töhfələr verən Nizami Gəncəvinin irsi haqqında danışıb.

Sonra Manqistau Vilayət Filarmoniyasının musiqiçilərinin ifasında Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəlinə yazdığı “Sevgili canan” romansı və Qara Qarayevin dahi şairin eyniadlı poeması əsasında yazdığı “Yeddi gözəl” baletindən parçalar təqdim olunub.