2022-ci ildə Azərbaycanın ədəbiyyatının görkəmli nümayəndələri – böyük şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi və istiqlal şairimiz Əhməd Cavadın 130 illiyi Beynəlxalq Türk Akademiyası tərəfindən qeyd ediləcək.

Bu barədə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovla görüşdə məlumat verib. O, BTA-nın Hüseyn Cavid və Əhməd Cavad kimi Azərbaycan xalqının böyük şəxsiyyətlərinin yubileylərini yüksək səviyyədə keçirməyi planlaşdırdıqlarını bildirib.

Görüşdə türk ölkələri arasında əməkdaşlıq çərçivəsində görülən işlərdən söhbət açılıb.

Ağalar Atamoğlanov Beynəlxalq Türk Akademiyasının həyata keçirdiyi layihələrə görə minnətdarlığını bildirib, qurumun işində uğurlar arzulayıb, təşəbbüsləri dəstəklədiyini bildirib.

Qeyd edək ki, bu il Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının İstanbulda keçirilən iclasında türk ədəbiyyatı klassiklərinin yubileyləri türk dünyasında yaddaqalan tarixlər siyahısına daxil edilib.