Tanınmış ictimai xadim, diplomat, publisist, Prezident təqaüdçüsü Ramiz Abutalıbov 2022-ci il yanvarın 1-də Moskva şəhərində vəfat edib.

Ramiz Abutalıb oğlu Abutalıbov 1937-ci il oktyabrın 27-də Gəncədə anadan olub. 1980-1984-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin Xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışıb. 1971-1979, eləcə də 1985-1991-ci illərdə SSRİ-nin UNESCO-dakı nümayəndəliyində çalışıb. 1992-2004-cü illərdə Azərbaycanın təşkilatda daimi nümayəndəsi olub.

Parisdə 1989-cu ildə "Azərbaycan Evi" Assosiasiyasının yaradıcılarından biri olub, Əlimərdan bəy Topçubaşovun xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində yaxından iştirak edib.

Ramiz Abutalıbov Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətdə yaşamış ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb. Bu mövzuda 10-a yaxın kitabın müəllifi, "Əbədi ezamiyyət" sənədli filminin (2016) ideya müəllifi və baş məsləhətçisidir.

Ömrünün son illərini Moskvada yaşayıb.

Allah rəhmət eləsin.