Ukraynanın Dnepr şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirdə diaspor üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin rəhbəri Nəcəf Əhmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1991-ci ildə Naxçıvanda işlədiyi vaxt Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması ilə əlaqədar ilk qərarın qəbul edilməsi tarixi əhəmiyyətli hadisə idi. Vurğulanıb ki, otuz ildir təqvimimizdə yer alan bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyinin ifadəsidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövlətimizin, xalqımızın birliyini, gücünü göstərdi. Bu dönəmdə dünya azərbaycanlıları da birləşərək Ali Baş Komandan İlham Əliyev başda olmaqla Ordumuzun yanında oldu.

Dnepropetrovsk Vilayəti Şurasının deputatı soydaşımız Qoşqar Muxtarov çıxışında Zəfərə gedən yolda Azərbaycanın illərdir əldə etdiyi iqtisadi, siyasi və hərbi gücündən bəhs edib.

Çıxış edən digər soydaşlarımız Həmrəylik Gününün əhəmiyyətindən danışıblar.

Tədbir bədii hissə ilə davam edib. Ukraynada fəaliyyət göstərən Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudyaşovanın ifası, Dnepr şəhəri məktəblilərinin, şəhərdəki həftəsonu Azərbaycan dili məktəbinin rəqs ansamblının musiqi nömrələri iştirakçıların marağına səbəb olub.