Naxçıvan Dövlət Musiqili Dram Teatrında Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ustad sənətkar Aşıq Ələsgərin sənəti və yaradıcılığı öyrənilib, 1997-ci ildə 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi və Bakı şəhərində sənətkarın abidəsinin ucaldılması haqqında sərəncamlar imzalayıb.

Vurğulanıb ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Aşıq Ələsgərin 200 illiyinin muxtar respublikada qeyd olunması ilə əlaqədar sərəncam imzalayıb, tədbirlər planı təsdiq olunub. İl ərzində müxtəlif tədbirlər keçirilib, Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib, muxtar respublikanın musiqi təhsili müəssisələrində sənətkarın yaradıcılığından bəhs edən ustad dərsləri tədris olunub.

Tədbirdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov Aşıq Ələsgər yaradıcılığının sənətkarlıq xüsusiyyətlərindən bəhs edib. Sonra

Naxçıvan MR Aşıqlar Birliyinin sədri Tural Bağırov və Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlinin çıxışları dinlənilib.

Sonda Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları və Aşıqlar Birliyinin əməkdaşları tərəfindən Aşıq Ələsgərin əsərləri əsasında ədəbi-bədii və musiqili kompozisiya təqdim edilib.