Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) Sabirabad rayon Mədəniyyət Mərkəzində şəhid və qazi övladları üçün Yeni il şənliyi keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Uşaq və Gənclər Teatrının iştirak etdiyi tədbirdə uşaqlar üçün maraqlı səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunub.

Sumqayıt RMİ Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbində görkəmli bəstəkar Cahangir Cahangirovun (1921-1992) 100 illik yubileyinə həsr olunan tədbir təşkil edilib. Məktəbin kollektivi konsert proqramı ilə çıxış edib. Uşaq xorunun ifasında “Məhsul mahnısı”, xanəndə sinfi şagirdlərinin ifasında “Ana Kür”, “Teymurun mahnısı”, “Alagöz”, xalq çalğı alətləri ansamblının ifasında “Bakım mənim”, “Zərif gülüşlüm”, “Yallı” və digər əsərlər alqışlarla qarşılanıb.

Sumqayıt RMİ Xızı rayon nümayəndəliyinin əməkdaşları bayram günlərində şəhid ailələrini ziyarət ediblər. Ziyarət zamanı Xızı rayon nümayəndəliyi və uşaq yazarı Gülzar İbrahimova tərəfindən kitablar, audionəşr və suvenirlərdən ibarət hədiyyələr, eləcə də bayram sovqatları şəhid övladlarına paylanılıb.

Biləsuvar RMİ Neftçala rayon MKS-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları üçün “Balalara sevinc gətir, Yeni il” adlı bayram şənliyi təşkil edilib. Salyan rayon Mədəniyyət Mərkəzi və “Hacıoğlu” istirahət mərkəzinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və digər qonaqların iştirak etdiyi şənlikdə mərkəzin ansamblının ifasında bir-birindən şux musiqilər səsləndirilib, qonaqlar arasında viktorinalar keçirilib, Şaxta baba və Qar qız, klounlar kompozisiyalar nümayiş etdirərək uşaqları əyləndiriblər.

Ağstafa RMİ-nin rəisi vəzifəsini müvvəqqəti icra edən Adil Həsənov Vətən müharibəsi şəhidləri Sərxan Abdullayev, Timur Əliyev, Nihad Abdullayev və Xəyal Əlizadənin ailələrinə baş çəkib, qayğıları ilə maraqlanıb. Tovuzda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə rayonun incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı təqdim edilib.

Xaçmaz RMİ Siyəzən rayon Mədəniyyət Mərkəzində bayramlar münasibətilə “Tıq-tıq xanımın Yeni il sərgüzəştləri” adlı şənlik təşkil edilib. Şənlikdə iştirak edən uşaqlar təqdim edilən səhnəciklərdən zövq alıblar.

İsmayıllı RMİ Qəbələ Dövlət Rəsm Qalereyasında “Xoş gəldin, Yeni il” adlı rəsm sərgisi təşkil edilib. Sərgidə qalereyanın nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işləri nümayiş olunub.

Kürdəmir RMİ İmişli rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə N saylı hərbi hissədə əsgərlərlə görüş keçiriblər. Rayonun incəsənət ustalarının təqdim etdiyi konsert proqramı maraqla qarşılanıb.

Şəki RMİ Qax rayon Güllük kənd Mədəniyyət evi və orta məktəbinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Çıxış edənlər hər iki bayram münasibətilə tədbir iştirakçılarına xoş diləklərini çatdırıblar.

Şəmkir RMİ Şəmkir rayon Mədəniyyət Mərkəzinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə N saylı hərbi hissədə hərbçilər və onların övladları qarşısında bayram konserti ilə çıxış ediblər.

Ağdaş RMİ Göyçay MKS-nin 35 saylı Alpout kənd kitabxana filialında “Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı” başlıqlı tədbir keçirilib. Xalq yazıçısı, görkəmli alim Əzizə Cəfərzadənin (1921-2003) 100 illiyinə həsr olunan tədbirdə çıxış edənlər ədibin bədii yaradıcılığından, pedaqoji fəaliyyətindən, gördüyü xeyriyyə işlərindən danışıblar.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında şəhid və qazi ailələri, uşaq evinin körpələri üçün “Sound Pro” MMC-nin nəzdində fəaliyyət göstərən “Teatral” studiyasının təqdimatında “Balaca Günəş və ya Qırmızıpapağın Yeni il macəraları” adlı tamaşa nümayiş etdirilib.

Türkiyənin “Show TV” kanalının çəkiliş heyəti Ağcabədi RMİ Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı Uşaq musiqi məktəbinin qonağı olub. Çəkiliş zamanı məktəbin müəllim və şagirdləri tərəfindən konsert proqramı təqdim edilib. Konsertdə Azərbaycanın və qardaş ölkənin xalq musiqiləri, görkəmli bəstəkarların əsərləri səsləndirilib.

Hazırladı: N.Məmmədli