Bərdə Regional Mədəniyyət İdarəsində (RMİ) 2021-ci ilin yekunlarına həsr olunmuş şura iclası keçirilib. İdarə rəisi İlyas Hacıyevin iştirakı ilə keçirilən iclasda gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub, nailiyyətlərdən və nöqsanlardan söz açılıb.

Sabirabad RMİ Sabirabad rayon Mədəniyyət Mərkəzində şəhid və qazi övladları üçün Yeni il şənliyi keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Uşaq və Gənclər Teatrının iştirak etdiyi tədbirdə uşaqlar üçün maraqlı səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunub.

Sumqayıt RMİ Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbində görkəmli bəstəkar Cahangir Cahangirovun (1921-1992) 100 illik yubileyinə həsr olunan tədbir təşkil edilib. Tədbirdə məktəbin kollektivi konsert proqramı ilə çıxış edib. Proqramda uşaq xorunun ifasında “Məhsul mahnısı”, xanəndə sinfi şagirdlərinin ifasında “Ana Kür”, “Teymurun mahnısı”, “Alagöz”, xalq çalğı alətləri ansamblının ifasında “Bakım mənim”, “Zərif gülüşlüm”, “Yallı” və digər əsərlər alqışlarla qarşılanıb. Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbinin 7-ci sinif şagirdi Nuray Allahverdiyeva beynəlxalq müsabiqədə uğur qazanıb. Nuray Qazaxıstanın Nur-Sultan Şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilən “Astana ulduzları” beynəlxalq festivalının laureatı olub. Onun çıxışı 1-ci dərəcəli diploma layiq görülüb.

Şəki RMİ Qax rayon Güllük kənd Mədəniyyət evi və orta məktəbinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Çıxış edənlər hər iki bayram münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.

Ağstafa RMİ Tovuz rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Tovuz rayon mədəniyyət müəssisələri incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı təqdim edilib.

Biləsuvar RMİ Neftçala rayon MKS-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları üçün “Balalara sevinc gətir, Yeni il” adlı bayram şənliyi təşkil edilib.

Lənkəran RMİ-də 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. İdarənin məsul əməkdaşlarının və mədəniyyət müəssisələri rəhbər işçilərinin iştirak etdiyi iclasda il ərzində görülmüş işlər müzakirə edilib, növbəti il üzrə əsas prioritetlər müəyyən olunub.

Ağdaş RMİ Göyçay MKS-nin 35 saylı Alpout kənd kitabxana filialında “Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı” başlıqlı tədbir keçirilib. Xalq yazıçısı, görkəmli alim Əzizə Cəfərzadənin (1921-2003) 100 illiyinə həsr olunan tədbirdə çıxış edənlər yazıçının yaradıcılığından, pedaqoji fəaliyyətindən, gördüyü xeyriyyə işlərindən danışıblar.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında şəhid və qazi ailələri, uşaq evinin körpələri üçün “Sound Pro” MMC-nin nəzdində fəaliyyət göstərən “Teatral” studiyasının təqdimatında “Balaca Günəş və ya Qırmızıpapağın Yeni il macəraları” adlı tamaşa nümayiş etdirilib.

Şəmkir RMİ Şəmkir rayon Mədəniyyət Mərkəzinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə N saylı hərbi hissədə hərbçilər və onların övladları qarşısında bayram konserti ilə çıxış ediblər.

İsmayıllı RMİ Qəbələ Dövlət Rəsm Qalereyasında “Xoş gəldin, Yeni il” adlı rəsm sərgisi təşkil edilib. Sərgidə qalereyanın nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işləri nümayiş olunub.

Kürdəmir RMİ İmişli rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə N saylı hərbi hissədə əsgərlərlə görüş keçiriblər. Rayonun incəsənət ustalarının təqdim etdiyi konsert proqramı maraqla qarşılanıb.

Xaçmaz RMİ Siyəzən rayon Mədəniyyət Mərkəzində bayramlar münasibətilə “Tıq-tıq xanımın Yeni il sərgüzəştləri” adlı şənlik təşkil edilib.

Hazırladı: N.Məmmədli