Heydər Əliyev Sarayında uşaqların sevimli qəhrəmanlarının iştirakı ilə interaktiv “Yeni ilin arzu medalyonu” adlı musiqili nağılın premyerası olub. 2-4 yanvar tarixində nümayiş olunan tamaşanın ssenari müəllifi, Əməkdar artist Ramil Qasımov bildirib ki, layihənin məqsədi əsl dostluğu, dürüstlüyü, həyatda ədalətli, xeyirxah olmağı və hər zaman xeyirin şər üzərində qələbə qazanacağını uşaqlara aşılamaqdır.

Quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva olan musiqili-əyləncəli tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb. Bundan əlavə, Yeni ilin sevilən personajı Şaxta baba uşaqlarla görüşüb və onları mahnı, rəqs, oyun və təzə il zarafatları ilə sevindirib.

Uşaqların Şaxta baba ilə dialoqları, maraqlı səhnəciklər, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlərlə dolu anlar gecəyə xüsusi rəng qatıb. Balacalar və valideynlər anşlaqla keçən maraqlı şənlikdən böyük zövq alıblar.

Heydər Əliyev Sarayında üç gün nümayiş olunan tamaşa üçün Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin uşaqlarına və uşaq evlərinin sakinlərinə, əlillər cəmiyyətlərinin üzvlərinə təmənnasız yerlər ayrılıb.