Türkiyənin Təhsil üzrə Azad Həmkarlar İttifaqı (TAHİ – Türk Eğitim-Sen) Türk dünyasından bəhs edən 3 yeni kitab nəşr etdirib.

“Türk dünyası müstəqilliyinin 30-cu ildönümündə” adlı kitabda türk respublikalarının müstəqillik dövrünü qiymətləndirmək üçün öz sahələri üzrə tanınmış müəlliflərin araşdırma yazıları toplanıb.

30 il əvvəl müstəqillik qazanmış türk respublikaları, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti folkloruna məxsus nağıl və oyunlardan seçilmiş nümunələr isə iki ayrı kitabda nəşr olunub. “Türk dünyasından uşaqlar üçün nağıllar” adlı topluda türkiyəli uşaqlar digər türkdilli dövlətlərdən olan həmyaşıdlarının nağıl qəhrəmanları ilə tanış olacaqlar.

“Türk dünyasından uşaqlara oyunlar” adlı kitabda isə azyaşlı oxucular türk xalqlarının folklorunda öz əksini tapan, türk mədəniyyəti ilə qurulmuş oyunları öyrənəcəklər.

“Bu iki araşdırmada hər bir müstəqil türk dövləti və onun dünyadakı yeri haqqında qısa məlumatlar da yer alıb. Azərbaycanın qazandığı Qarabağ Zəfərinin də təcəssümü olan birlik şüurunun bütün çətinliklərə sinə gərməyə qadir olduğu da kitabda əksini tapıb”, – deyə TAHİ-dən verilən məlumatda bildirilib.

Məlumatda həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu böyük Atatürkün “Türk birliyinin bir gün gerçəkləşəcəyinə inanıram. Bunu mən görməsəm də, gözlərimi dünyaya bu xəyallar içində yumacağam” fikirləri də xatırladılır. “Bu cür nəşrlərin hər zaman düşüncələrimizdə olan böyük Atatürkün Türk dünyası ilə bağlı fikirlərinin reallaşmasına dəstək olacağına inanırıq”, – deyə qeyd olunur.

Mehparə Sultanova
Ankara