Rusiya Etnoqrafiya Muzeyi (REM) 2022-ci ilin payızında Bakıda rusların dekorativ-tətbiqi sənət nümunələrinə dair genişmiqyaslı sərgi təqdim edəcək.

Muzeyin direktoru Yuliya Kupina bildirib ki, Rusiya Federasiyası mədəniyyət müəssisələrinin iştirakı ilə hazırlanan layihə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində keçiriləcək.

“Biz Azərbaycan Milli Xalça Muzeyi ilə dostuq. Muzey rus xalqının mədəniyyətinə məxsus dekorativ-tətbiqi sənət nümunələrini təqdim etmək niyyətindədir. Onları daha çox qadın gözəlliyini əks etdirən ənənəvi geyimlər maraqlandırır”, - deyə Yuliya Kupina söyləyib.

Onun sözlərinə görə, proqram çərçivəsində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ölkənin müvafiq qurumlarını təmsil edən heyətin Azərbaycana səfəri təşkil olunacaq. REM direktoru bildirib ki, muzey Natalya Şabelskayanın XX əsrin əvvəllərinə aid geniş kolleksiyasının mühüm hissəsini Bakıda nümayiş etdirəcək.

Qeyd edək ki, Natalya Şabelskaya Rusiyanın bütün əyalətlərindən köhnə rus geyimləri, qədim naxış işləmələri, krujeva parçaları, əyirici çarxlar, qurabiyə hazırlamaq üçün taxta qəliblər, oyuncaqlar, arxeologiya nümunələrinin unikal kolleksiyalarını toplayıb.