Artıq iki ildir dünyada hökm sürən COVİD-19 pandemiyasından ən çox zərər çəkən sahələrdən biri də turizmdir. Milli gəlirinin əhəmiyyətli hissəsini turizm sektorundan əldə edən Türkiyə bir çox ölkələrdən fərqli olaraq 2021-ci ili bu sahə üzrə daha az zərərlə başa vurub.
Türkiyədə 2020-ci ildə turizm sektoru 60 faiz zərər görüb. Keçən ilin ilk yarısında da pandemiya ölkədə təsirli olub. Lakin peyvəndlənmənin sürətlənməsi və səyahət məhdudiyyətlərinin nisbətən aradan qaldırılması ilə 2021-ci ilin ikinci yarısında bu sahədə canlanma müşahidə edilib.
Türkiyənin Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-sentyabr ayları üzrə turizmdən əldə edilən gəlir 26,6 milyard ABŞ doları təşkil edib. 2021-ci ilin ilk doqquz ayı ərzində ölkəyə gələn ziyarətçilərdən əldə edilən gəlir 2020-ci il ilə müqayisədə 107 faiz artaraq 16,85 milyard dolar olub. Bununla da Türkiyə bir çox ölkə ilə müqayisədə turizm sektoru üzrə ili daha az zərərlə tamamlayıb.
Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) rəhbəri Firuz Bağlıkaya 2022-ci ilin ümidverici olduğunu bildirib. 2021-ci ilin ikinci yarısında Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən başladılan “Təhlükəsiz hotel sertifikatı” layihəsinin uğuru ilə canlanan turizm sektoru üzrə yeni ildə hədəflərin yüksəlməsi planlaşdırılır.