Azərbaycan

 

3 yanvar 1907 – Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 – 27.6.1985) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyib, konservatoriyanın nəzdində Orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.

3 yanvar 1944 – Əməkdar rəssam Arif Qəndi oğlu İsmayılov (1944 – 9.10.2014) anadan olub.

 

4 yanvar 1932 – Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869 – 1932) vəfat edib. Realist hekayələri, povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, “Ölülər”) ilə Azərbaycan ədəbiyyatına töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

4 yanvar 1946 – Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib. Kitabları: “Sijimqulunamə”, “Satira mərmiləri” və s.

4 yanvar 1946 – Xalq artisti Rafael Məlik oğlu Dadaşov (1946 – 16.3.2020) Zaqatalada doğulub. Akademik Milli Dram Teatrının səhnəsində, filmlərdə (“Bəxt üzüyü”, “Mənim ağ şəhərim”), televiziya tamaşalarında (“Ordan-burdan”, “Göz həkimi” və s.) yaddaqalan rollar oynayıb.

4 yanvar 1983 – Tanınmış rəssam İbrahim Səfi (İbrahim Qafar oğlu Səfiyev; 1898-1983) İstanbulda vəfat edib. Naxçıvanda doğulub. Türkiyədə yaşayıb-yaradıb. Atatürkün portretini çəkən ilk rəssamlardan biridir.

4 yanvar 2000 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918 – 2000) vəfat edib. 1938-ci ildən Akademik Dram Teatrında çıxış edib. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

 

5 yanvar 1884 – Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 - 1.4.1954) Şuşada doğulub. Üzeyir Hacibəylinin xalası oğludur. Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda tamaşalarda qadın rollarını (o cümlədən “Leyli və Məcnun”da Leyli) oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.

5 yanvar 1887 – Tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 – 30.6.1967) аnаdаn оlub. Qəzəl və qoşmalar yazıb. Tanınmış tarzənlər Ənvər Mənsurovun atası, Bəhram Mənsurovun əmisidir.

5 yanvar 1910 – Ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanov (1910 – 19.1.1991) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. “Kəlilə və Dimnə” kitabından şeirləri, Füzulinin, Nəsiminin farsca yazdığı əsərləri dilimizə tərcümə edib.

5 yanvar 1924 – Azərbaycanın ilk epiqrafçı qadın alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü  Məşədixanım Sədulla qızı Nemətova (1924 – 26.12.2016) Bakıda anadan olub. 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nu tərtib edib.

5 yanvar 1927 – Yazıçı Əlfi Səhlik oğlu Qаsımоv (1927 – 12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. “Toy gecəsi”, “Adilənin taleyi” romanları, “Məni qınamayın”, “Qızburunda tək məzar” povestləri və s. əsərlərin müəllifidir.

 

6 yanvar 1893 – Xalq artisti Pyotr Borisoviç Yudin (1893-1977) anadan olub. 1946-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

6 yanvar 1907 – Görkəmli aktyor, SSRİ Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 – 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Akademik Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (Mirzə Fətəli), “Qatır Məmməd” (Fətəli xan Xoyski) və s. filmlərdə çəkilib.

6 yanvar 1914 – Əməkdar artist Nəcibə Məcid qızı Behbudova (1914-1999) Tiflisdə anadan olub. Rəşid Behbudovun böyük bacısıdır. Tiflis Azərbaycan teatrında, Musiqili Komediya Teatrında çalışıb, filmlərə çəkilib.

6 yanvar 1938 – Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5.6.1908 – 1938) dünyasını dəyişib. Yeniyetmə vaxtlarından yaradıcılığa başlayan şair repressiya qurbanı olub. Pantürkizm və millətçilikdə ittiham edilərək güllələnib.

6 yanvar 1962 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (8.12.1901 – 1962) vəfat edib. Həştərxanda doğulub, 1920-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

 

7 yanvar 1919 – Əməkdar mədəniyyət işçisi, kinooperator, rejissor Vladimir Yevgenyeviç Konyagin (1919-2002) anadan olub. 1950-80-ci illərdə “Azərbaycanfilm” Kinostudiyasında 100-dək sənədli film çəkib, Dövlət mükafatına layiq görülüb.

 

8 yanvar 1903 – Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903-1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. Batumidə teatr tamaşalarında, 1922-ci ildən Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1925-ci ildə Bakıya gəlib və Akademik Dram Teatrında işləməyə başlayıb. Stalin repressiyalarının qurbanı olub. 

8 yanvar 1920 – Xalq artisti, görkəmli aktrisa Leyla Ağalar qızı Bədirbəyli (1920 – 23.11.1999) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi”, “Arşın mal alan” (1945), “Fətəli xan”, “Görüş”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” və s. filmlərdə çəkilib. Azərbaycan və SSRİ Dövlət mükafatına layiq görülüb.

 

9 yanvar 1936 – Əməkdar rəssam, heykəltəraş Asim Rzaqulu oğlu Quliyev (1936 – 25.5.2012) Bakıda doğulub. Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin həmmüəllifidir

9 yanvar 1991 – “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova (1961-1991) Laçın rayonunda erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

9 yanvar 2016 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (21.1.1950 – 2016) vəfat edib. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-2016) olub.

 

Dünya

 

3 yanvar 1929 – İtalyan kinorejissoru Serco Leone (Sergio Leone; 1929-1989) anadan olub.

 

4 yanvar 1785 – Alman folklorçusu, filoloq Yakob Qrim (Jacob Ludwig Karl Grimm; 1785-1863) anadan olub.

4 yanvar 1960 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus; 7.11.1913 – 1960) avtomobil qəzasında həlak olub.

 

5 yanvar 1921 – İsveçrə yazıçı-dramaturqu Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt; 1921-1990) anadan olub.

5 yanvar 1932 – İtalyan yazıçısı, filosof və tarixçi Umberto Eko (Umberto Eco; 1932 - 20.2.2016) anadan olub.

6 yanvar 1872 – Rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 – 27.4.1915) anadan olub.

 

7 yanvar 1925 – İngilis yazıçısı Cerald Darrel (Gerald Malcolm Durrell;  1925-1995) anadan olub.

 

8 yanvar 1910 – Məşhur rus balerinası, SSRİ Xalq artisti Qalina Sergeyevna Ulanova (1910 - 1998) anadan olub.

8 yanvar 1935 – Amerika müğənnisi, aktyor Elvis Presli (Elvis Aaron Presley; 1935 – 16.8.1977) anadan olub.

 

9 yanvar 1890 – Çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek; 1890-1938) anadan olub.

Hazırladı: Vüqar Orxan