Mikayıl Abdullayevin yubileyinin yekun tədbiri
Yola saldığımız il həm də milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Abdullayevin (1921-2002) 100 illik yubileyi ilə yadda qaldı. Prezident İlham Əliyevin sənətkarın yubileyi ilə bağlı sərəncamına əsasən, silsilə tədbirlər reallaşdı.
Mikayıl Abdullayevin 100 illiyinin yekun tədbiri dekabrın 30-da Azərbaycan Rəssamlar İttifaqında (ARİ) keçirildi.
ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək bildirdi ki, Mikayıl Abdullayev parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarındandır. Onun təsviri sənətin müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyini incə rəng çalarları ilə tərənnüm edib.
Vurğulandı ki, sənətkar Nizami “Xəmsə”sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaradıb: “Milli İncəsənət Muzeyində rəssamın 100 illik yubileyinə həsr olunmuş geniş sərgi Mikayıl Abdullayev sənətinin zənginliyindən xəbər verir. Sərgini izləyən hər kəs görür ki, rəssamın yaradıcılığında heç bir boşluq olmayıb. Onun bir-birindən gözəl qrafika, eskiz, akvarel və digər əsərləri ömür və yaradıcılıq yolunun mənasından soraq verir. Mikayıl Abdullayev rəssam kimi hər zaman öz üslubuna sadiq idi...”.
Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev Mikayıl Abdullayevin həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, rəssam istər çağdaş, istərsə də tarixi mövzuların eyni sənətkarlıqla obrazlı və orijinal forma-biçim ifadəsinə nail ola bilib. Onun dəzgah və monumental rəngkarlıq, qrafika, səhnəqrafiya və heykəltəraşlıq sahəsində ərsəyə gətirdiyi çoxsaylı əsərləri Azərbaycan incəsənətinə layiqli töhfədir: “Rəssamın rəngkarlıqdan fərqli digər sahələrə də müraciəti uğurlu olub. Bu mənada görkəmli sənətkarın Bakı metrosunun “Nizami” stansiyasının daxili salonunu bəzəyən mozaik pannolarının xüsusi əhəmiyyət kəsb etdiyini deməliyik. Rəssamın kitab qrafikası sahəsindəki fəaliyyəti də özünəməxsus bədii-estetik məziyyətləri ilə seçilir. Özünün plastik duyumunu 1973-ci ildə hazırladığı “İmadəddin Nəsimi” heykəlində (A.Mustafayevlə birlikdə) gerçəkləşdirən Mikayıl Abdullayev hürufi şairin üsyankar ruhunu cəlbedici forma-biçimdə təqdim etməyə nail olub. Bu yerdə əlavə edək ki, rəssam 1973-cü ildə İmadəddin Nəsiminin obrazı üçün elan olunmuş müsabiqənin qalibi idi. O, eyni zamanda Üzeyir Hacıbəylinin və Səməd Vurğunun ilk portretlərinin müəllifidir. Fırça ustasının əsərləri yaradıcılığının zaman və məkan çərçivəsinə sığmadığını da təsdiqləyir”.
Tədbirdə Mikayıl Abdullayevin tələbəsi olmuş Xalq rəssamları Arif Hüseynov, Aydın Rəcəbov, Əməkdar rəssam İsa Məmmədov müəllimləri ilə bağlı xatirələrini bölüşdülər.
Sonda Mikayıl Abdullayevə həsr olunmuş “Rənglə yazılmış tarix” adlı film nümayiş etdirildi. “Azərbaycantelefilm”in istehsalı olan filmin ssenari müəllifi Möhbəddin Səməd, quruluşçu rejissoru Elnurə Kazımovadır.
Lalə