Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Qazax rayon MKS E.Hüseynov adına Mərkəzi Kitabxanasının oxu zalında tanınmış yazıçı, şair, tərcüməçi, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlının anadan olmasının 95 illiyinə həsr edilmiş “Qəlbləri dinləndirən yazıçı” adlı tədbir keçirilib.

Tədbirdə Bakı Dövlət Universiteti Qazax filialının tələbələri, kitabxananın əməkdaşları və fəal oxucular iştirak ediblər.

Kitabxananın Xidmət şöbəsinin müdiri Bəsti Məmmədova çıxış edərək bildirib ki, Vidadi Babanlı acı taleləri, haqsızlığı, çarəsizliyi, insanın başına gələn müsibətləri ürəyindən keçirib qələmi ilə təsvir edən yazıçıdır. Əsərləri ilə insanlara düzgün yol göstərən, mərdlik nümunəsini yalnız şəxsin özündə axtarmağın vacibliyini vurğulayan yazıçı Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoymağı bacarıb. Ədibin “Vicdan susanda”, “Ana intiqamı”, “Ömürlük cəza”, “Gəlin”, “İnsaf nənə”, “Müqəddəs ocaq” və s. əsərləri oxucular tərəfindən maraqla qarşılanıb.

Çıxışlardan sonra yazıçının kitablarından ibarət sərgiyə baxış olub.

Vidadi Yusif oğlu Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. Qocaman yazıçı bu yaşında da yaradıcılığa davam edir. Səhhəti, gözlərinin zəifləməsi əlinə qələm almağa imkan verməsə də, diktə ilə yazdırdığı “Sabaha ismarıc” romanı çapdan çıxıb.

2022-ci ilin ilk yubilyarı olan tanınmış yazıçını 95 illiyi münasibətilə təbrik edir, cansağlığı arzu edirik.