Mikayıl Müşfiqin xatirəsi yad olunub

 

Yanvarın 6-da XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin vəfatından 84 il ötdü.

Nakam şairin anım günündə Xızı rayonunun Sayadlar kəndində, Mikayıl Müşfiqin Xatirə Muzeyinin qarşısında tədbir keçirilib. Ölməz şairin büstü ətrafına toplaşan şairlər, yazıçılar, elm və incəsənət xadimləri Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışıb, onun ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar.

Əməkdar müəllim, şair Ofeliya Babayeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Mövsüm Bağırov, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə və başqaları çıxış edərək şairin yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizə vətənpərvərlik hisslərinin aşılanmasında əvəzsiz xəzinə olduğunu bildiriblər.

Qeyd olunub ki, Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır. Adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran şairin şeirləri dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və  başqa şeirləri poeziya xəzinəmizin inciləri sırasındadır.

Məlumat verilib ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsaqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. O, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

Mikayıl Müşfiqin ilk mətbu əsəri – “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son nəşri 2005-ci ildə işıq üzü görüb.

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib.

Çıxışlarda həmçinin bildirilib ki, Mikayıl Müşfiq folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən poetik nümunələr yaradıb. Bu nümunələr Azərbaycanın bədii fikir xəzinəsini daha da zənginləşdirib.

Tədbirdə Xızı məktəbliləri şairin şeirlərindən parçalar səsləndirib.