AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Sergey Yesenin adına Azərbaycan-Rusiya ədəbi əlaqələr mərkəzində Rusiya Yazıçılar Birliyinin sədr müavini, “Veçe” nəşriyyatının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Sergey Dmitriyev ilə görüş keçirilib.

Mərkəzin müdiri, filologiya üzrə fəlsəfə doktoru Natəvan Mustafayeva çıxış edərək böyük şairin vaxtilə Bakıya gələrkən yaşadığı, sonralar Sergey Yeseninin Ev-Muzeyi kimi fəaliyyət göstərən bu məkanın iki ölkə üçün dostluq rəmzinə çevrildiyini vurğulayıb. O, S.Yeseninin yaradıcılığı ilə bağlı maraqlı məqamlardan da söz açıb.

Sergey Dmitriyev “Yeseninin müəmmalı ölümü” mövzusunda məruzə ilə çıxış edib. O, S.Yeseninin intihar etməsi faktının yanlış olduğunu və uzun illər apardığı axtarışlar zamanı üzə çıxardığı bir çox arqumentlərə söykənərək şairin həyatına qəsd edilməsini sübuta yetirməyə çalışdığını söyləyib, iştirakçıların suallarını cavablandırıb.

Muzeyin ekspozisiyası ilə tanışlıqdan sonra qonaq müəllifi olduğu kitabları mərkəzə hədiyyə edib, rəy kitabına ürək sözlərini yazıb.