«Turizmə dəstək» gənclər koalisiyası «Jurnalistlərin Xaçmaz turu» proqramını həyata keçirdi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, «Atlant» istirahət və əyləncə mərkəzi və «Turizmə dəstək» gənclər koalisiyasının təşkilatçılığı ilə bir qrup media nümayəndəsi iyunun 3-dən 5-dək Xaçmaz rayonunun Nabran qəsəbəsində səfərdə oldu.
   
   Səfər çərçivəsində bir sıra tədbirlər, görüşlər keçirildi. Səfərin məqsədini açıqlayan koalisiya rəhbəri Ramiz Alıyev bildirdi ki, layihəni gerçəkləşdirməklə ölkə rəhbərliyinin «Turizm ili» təşəbbüsünə öz töhfələrini vermək istəyirlər: “2011-ci ilin «Turizm ili» elan edilməsindən sonra biz də «Turizmə dəstək» gənclər koalisiyası yaradaraq bu təşəbbüsə qoşulduq. Əsas məqsədimiz kütləvi informasiya vasitələri ilə birlikdə Azərbaycanın turizm məkanlarına səyahət təşkil etmək və bu turlar nəticəsində bölgələrdə turizm sahəsində vəziyyətlə tanış olmaq, turist şirkətlərinin fəaliyyətini, qarşılaşdıqları problemləri və s. öyrənməkdir. Eyni zamanda, Azərbaycanın turizm potensialı olan dilbər guşələri haqqında media vasitəsilə ictimaiyyəti məlumatlandırmaq istəyirik. Kütləvi informasiya vasitələrinin turizmin təbliğində mühüm rolu var. Biz də bundan istifadə edəcəyik».
   R.Alıyev sənətçilərin də koalisiyaya cəlb olunduğunu bildirdi: “KİV-lə bərabər mədəniyyət və incəsənət nümayəndələri ilə də əməkdaşlıq edirik. Sənətçilər vasitəsilə onların pərəstişkarlarını Azərbaycanın daxili turizminə yönəltmək istəyirik. Azərbaycan vətəndaşları hər hansı xarici ölkədə istirahətə sərf etdikləri pulu öz respublikamızın səfalı guşələrində istirahətə xərcləsə, bu, ölkənin büdcə gəlirlərinə əlavə vəsait gətirər, iqtisadi inkişafa da kömək olar».
   R. Alıyev bildirdi ki, növbəti tur Lənkəran və Qəbələyə planlaşdırılıb: “İl ərzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə turizm əhəmiyyətli bölgələrə turlar, müxtəlif layihələr həyata keçiriləcək. İyun ayının sonlarında turizm sahəsində vəziyyət, mövcud problemlərlə bağlı konfrans da keçirməyi planlaşdırırıq. Konfransa dövlət rəsmilərini, turizm şirkətlərinin təmsilçilərini dəvət edəcəyik”.
   Qeyd edək ki, səfərin ilk günü «Atlant» istirahət və əyləncə mərkəzinin rəhbəri Tahir Dadaşov jurnalistlərlə görüşərək müəssisənin fəaliyyəti barədə geniş məlumat verdi. Növbəti gün Xaçmaz rayonuna gəzinti təşkil olundu. Səyahət zamanı tur iştirakçıları Xaçmazdakı Heydər Əliyev parkına, Heydər Əliyev Mərkəzinə, Xalqlar Dostluğu, Şəxsiyyətlər muzeylərinə baş çəkdilər.
   2006-cı ildə yaradılan Şəxsiyyətlər muzeyində Azərbaycanın görkəmli insanlarının, ədiblərin, mədəniyyət xadimlərinin heykəlləri var.
   Tur iştirakçıları daha sonra Xaçmaz Rayon Turizm İnformasiya Mərkəzi ilə tanış oldular. Burada keçirilən mətbuat konfransında Turizm İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov, rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Zöhrab Məmmədov, «Turizmə dəstək» gənclər koalisiyasının rəhbəri Ramiz Alıyev, «Atlant» istirahət mərkəzinin rəhbəri Tahir Qədəşov iştirak etdi. Çıxış edənlər Nabranın turizm potensialından danışdılar. Qeyd olundu ki, bir tərəfi dəniz, digər tərəfi isə meşə olan bölgə turistlər üçün cəlbedici məkandır. Bununla belə, ərazidə turist obyektlərinin sayı hələ azdır. Mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Z.Məmmədov turizm obyektlərində qiymətlərin yüksək olması, yol problemi, lisenziya ilə bağlı məsələlərin həllinin vacibliyini vurğuladı.
   Tur çərçivəsində incəsənət ustalarının iştirakı ilə konsert də oldu. Konsertdə Rahidə Baxışova, Bahar Lətifqızı, Çingiz Mustafayev, Fidan Süleymanova, Leyla İdrisova, Yaşar Yusif, meyxanaçılar Həbib Bare və Fuad Zəngəzur çıxış etdilər. Qeyd edək ki, tur zamanı jurnalistlərin istirahəti və əyləncəsi də təmin olundu. Belə ki «Atlant» istirahət mərkəzində akvaparkda orta əsr dəniz gəmisinə, mərkəzin əyləncə şəhərinə gəzinti və s. təşkil olundu.
   
   Gülər Nizamiqızı 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar