Azərbaycan mədəniyyətinin beşiyi, görkəmli musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətəni olan Şuşa təməli qoyulduğu vaxtdan bu yana – bütün dövrlərdə Azərbaycanın tarixində xüsusi yerə sahib olub. Qala-şəhər hər zaman Qarabağda varlığımızın və geniş anlamda Azərbaycanın suveren, sərhədi bütöv dövlət kimi varlığının göstəricisi sayılıb.

Ümummilli lider Heydər Əliyev Şuşanın tarixi əhəmiyyətini belə ifadə etmişdi: “Şuşa Azərbaycanın ən əziz guşəsidir. Bu, Azərbaycan xalqının yaratdığı sadəcə bir şəhər deyil, böyük bir tarixi abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.

Şuşanın işğal altında qaldığı 28 il ərzində – hər ilimiz, hər ayımız, Qarabağı düşündüyümüz hər günümüz onunla bağlı olub. Tarixi yurd yerlərimizdən söz düşəndə ən böyük diləyimiz o ucalığa ünvanlanıb. Şuşasız heç  bir ilimiz olmayıb, ona əlimiz çatmasa, ünümüz yetməsə də...

Çünki Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan tam deyildi, ola bilməzdi. Şuşasız 28 ili bu inamla yaşadıq, bu itki ilə heç vaxt barışmadıq. 2020-ci ilin 8 noyabr Zəfəri ilə bunu yağı düşmənə də, bütün dünyaya da göstərdik.

Zəfər ruhu ilə yaşadığımız 2021-ci ildə əsarətdən qurtulan yurd yerlərimizin dirçəlişinin təməli qoyuldu. Azərbaycan 2021-ci ili Qarabağla, Şuşa ilə yaşadı. Vətən torpaqları otuzillik barbar zülmündən sonra yaralarını sarımağa, özünə gəlməyə, Şuşa da illərin ayrılığından sonra Azərbaycan mədəniyyəti ilə nəfəs almağa, dirçəlməyə başladı. 2022-ci il isə bu tarixi dirçəlişin həlledici dövrü olacaq. Şuşa ilə bərabər külli Qarabağda...

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ili “Şuşa İli” elan edib. Dövlət başçısı bunu müjdəni ilk olaraq 2021-ci ilin son dəqiqələrində – yeni il gecəsi xalqa verdi. Yanvarın 5-də isə Prezident bununla bağlı müvafiq sərəncam imzaladı.

“Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır” – sərəncam bu sözlərlə başlanır.

Qeyd olunur ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlayan Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılıb.

“Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu”, – deyə sərəncamda vurğulanır.

Diqqətə çatdırılır ki, Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Dövlət başçısı Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan edib.

Sərəncamda Nazirlər Kabinetinə “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

“Şuşa İli”miz, Şuşalı ilimiz, Şuşa ilə, Qarabağla dirçəliş yolumuz xeyirli, uğurlu olsun...