Yanvarın ilk günlərindən Qazaxıstanda yaşanan və faciəvi fəsadlara yol açan olaylar dünya gündəminin aparıcı mövzusudur. Türk dünyası təşkilatları da qurucu üzvlərindən biri olan ölkədə baş verənləri ciddi narahatlıqla izləyirlər.

Türk Dövlətləri Təşkilatı yanvarın 6-da Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olaraq baş verən son hadisələrin fonunda biz Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiyimizi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik. Qardaş qazax xalqının sağlam düşüncəsinə və vəziyyətin normallaşmasını arzuladığına güvənirik.

Qazaxıstan rəsmilərinin sülh yolu ilə gərginliyi azaltmaq, asayiş və sabitliyi yenidən bərpa etmək gücünə malik olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik”, – deyə bəyanatda vurğulanır.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Qazaxıstanda yaşanan olayları üzüntü ilə izlədiyini bəyan edib.

TÜRKSOY-un saytında yayımlanan bəyanatda vurğulanır ki, müstəqillikdən bu günə Qazaxıstan xalqının inşa etdiyi sülh, əmin-amanlıq və sabitlik ortaq gələcəyimiz üçün son dərəcə önəmlidir. “Qazaxıstan hakimiyyətinin və xalqının bu çətin günlərin öhdəsindən gələcəyinə inamımız tamdır”, – deyə bəyanatda qeyd olunur.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da təşkilatın qurucu üzv dövləti Qazaxıstan Respublikasında baş verən hadisələri ciddi narahatlıqla izləməkdədir.

Fondun bəyanatında deyilir: “Biz əminik ki, çoxəsrlik qədim ənənələrə malik qardaş qazax xalqı ona xas olan müdriklik ilə bu çətinlikləri geridə qoyacaq və Türk dünyasının, Türk birliyinin sütunlarından biri olan Qazaxıstan hər zaman olduğu kimi mənəvi, mədəni zənginliyi ilə sülh və əmin-amanlıq şəraitində inkişaf edərək daha böyük uğurlar qazanacaqdır. Daima Qazaxıstanın yanında olduğumuzu ifadə edərək tezliklə sabitliyin bərpasına dərindən inanırıq, qardaş qazax xalqına xoşbəxtlik və firavanlıq arzu edirik”.