Azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar “Yol xəritəsi” sənədi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bu barədə ötən ilin yekunları ilə bağlı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, infrastruktur layihələrinin icrası zamanı işğaldan azad edilmiş rayonlarda yerləşən abidələrin, tarixi-memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin qorunması üçün qabaqlayıcı mühafizə tədbirlərinin təmin edilməsi məqsədilə elektron xəritələr tərtib edilib.

Şuşa şəhərindəki abidələrin “Bərpa təlimatı” hazırlanıb. Sənəddə bir neçə əsas istiqamətlər üzrə məlumat və tövsiyələr öz əksini tapıb. Bunlar işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları kimi məsələləri əhatə edir.

Dövlət Xidmətinin rəisi bildirib ki, Xocavənd rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi geniş müzakirə edilib. Bununla bağlı müvafiq sənədlər hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılacaq.