İşğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bu barədə qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında məlumat verib.

Qurumda aparılan islahatlardan danışan Azad Cəfərli qeyd edib ki, Prezidentin müvafiq fərmanı əsasında regional idarələr yaradılıb. Regional idarələrin yaradılması Dövlət Xidmətinin effektivliyinin daha da artırılması, eləcə də tarix və mədəni abidələrin qorunması nöqteyi-nəzərindən dövlət nəzarətinin təkmil formada həyata keçirilməsi məqsədi daşır. Bu məqsədlə Bakı, Gəncə, Şabran, Qəbələ, Salyan regional idarələri təsis olunub. 2021-ci ildə abidə mühafizəçilərini qabaqcıl təcrübə əsasında müsahibə yolu ili seçilməsi regional idarələrin işinə müsbət təsir göstərib.