Türkiyədə Birinci Dünya müharibəsinin faciəli səhifəsinin – Sarıqamış hərəkatı zamanı həlak olanların xatirəsinə həsr edilmiş tədbirlər keçirilib. Sarıqamış şəhidlərinin anım  mərasimlərindən biri yanvarın 8-də Qars şəhərindəki Cıbıltəpə Xizək Mərkəzində təşkil edilib. Tədbir çərçivəsində “Qarı yorğan edənlər” adlı qar heykəlinin açılışı olub.

Mərasimdə Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, ailə və sosial xidmətlər naziri Dərya Yanık, Qars valisi Türkər Öksüz, bölgədəki hərbi birliklərin komandanları, millət vəkilləri, Bayburt, Muş və Ağrı universitetlərinin kollektivi, ictimaiyyət təmsilçiləri, ölkənin müxtəlif yerlərindən gələn insanlar iştirak ediblər.

“Qarı yorğan edənlər” heykəlinin önünə tər çiçəklər düzülüb, 107 il əvvəl şaxtalı hava səbəbindən baş verən faciənin qurbanları ehtiramla yad edilib.

Yanvarın 9-da isə Qars vilayətinin Sarıqamış rayonunda Sarıqamış şəhidlərinin xatirəsinə həsr olunan izdihamlı yürüş keçirilib. Yürüşdən sonra Soğanlı və Allahu-Əkbər dağlarının arasında yerləşən Kızılçubuk zirvəsində “Şəhidlərin izi ilə” şüarı altında anım mərasimi keçirilib. Mərasimdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu və digər rəsmilər çıxış ediblər.

Xatırladaq ki, Birinci Dünya müharibəsi zamanı Şərq cəbhəsində – Çar Rusiyası qoşunları ilə savaşan Osmanlı Ordusu – 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatında mürəkkəb hava şərtləri səbəbindən minlərlə itki verib. Faciədən 107 il keçsə də, Sarıqamış şəhidlərinin xatirəsi Türkiyə xalqı tərəfindən dərin ehtiramla anılır, müxtəlif mərasimlər təşkil edilir. Bu il Sarıqamış şəhidlərinin xatirəsinə “Qarı yorğan edənlər” heykəlinin yaradılması üçün Cıbıltəpə Xizək Mərkəzinə təxminən 200 yük maşını qar daşınıb.

Mehparə Sultanova
Ankara