Yanvarın 13-də Beynəlxalq Muğam Mərkəzində (BMM) tanınmış tarzən və xanəndə Şirulla İmanovun (1909-1976) anadan olmasının 113-cü ildönümü münasibətilə xatirə gecəsi keçiriləcək.

Vaxtilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş Şirulla İmanov ötən əsrin əvvəlində Bakıda keçirilən konsertlərdə çıxış edib. Tarzənin bacarığını yüksək qiymətləndirən dahi bəstəkar Üzeyir Hacıbəyli opera tamaşalarında tar ifaçılığını ona həvalə edib. Ş.İmanov yaradıcılığa başladığı ilk dövrlərdə iki premyeranın iştirakçısı olur. Bunlardan biri 1916-cı ildə “Tağıyev teatrı”nda Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Əhməd Bədəlbəyli və digər korifey sənətkarların iştirakı ilə səhnəyə qoyulan Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, digəri isə 1919-cu ildə Müslüm Maqomayevin “Şah İsmayıl” operası olur. Bu premyeraların uğurundan ruhlanan gənc Şirulla söz verir ki, nə vaxtsa bu səhnədə özünü xanəndə kimi də sınayacaq. Bir neçə ildən sonra arzusu reallaşır. O, Opera və Balet Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərir. M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında sənətkar həm vokal, həm də tar ifaçısı kimi tamaşaçıların rəğbətini qazanır.
Onun Bakıda, Çəmbərəkənddə yerləşən evində mütəmadi olaraq dostları yığışar və muğam gecələri təşkil edilərdi. Tarzənin dostları, muğam ustadları və biliciləri Xan Şuşinski, Bəhram Mansurov, Firudin Şuşinski, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Məmmədəli Əliyev, Qurban Pirimov və başqaları bu gecələrdə iştirak edərdi.

BMM-də təşkil ediləcək xatirə gecəsində görkəmli muğam ifaçıları Ş.İmanovla bağlı xatirələrini bölüşəcəklər. Bədii hissədə xanəndələr Təyyar Bayramov, Səbuhi İbayev, İlkin Əhmədov, Səbinə Ərəbli, tarzənlər Səbuhi Cəfərov, Sahib Paşazadənin çıxışları nəzərdə tutulur. İfaçıları BMM-in solistləri müşayiət edəcək.

Lalə