Fevralın 9-11-də İstanbul şəhərində ənənəvi geyim, moda və tekstil sərgisi – “İstanbul Fashion Connection” keçiriləcək. Beynəlxalq sərgidə kişi, qadın və uşaq geyimlərinin və digər tekstil məhsullarının istehsalçıları, dizaynerləri, distribütorlar və bu sahədə fəaliyyət göstərən digər maraqlı tərəflər iştirak edəcəklər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan sahibkarları da sərgidə öz məhsullarını təqdim etmək və bu sahədə fəaliyyət göstərən müxtəlif ölkələrdən olan sahibkarlarla ikitərəfli görüşlər keçirmək imkanı əldə edəcəklər. KOBİA bununla bağlı tekstil sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.
Sərgidə iştirak etmək istəyən və agentliyin xüsusi stendində öz məhsullarını nümayiş etdirməkdə maraqlı olan sahibkarlar KOBİA ilə əlaqə saxlaya bilərlər.