Müasir rus ədəbiyyatının Azərbaycan konteksti də nəzərdən keçirilib

 

Tanınmış ədəbiyyatşünas və folklorşünas, Azərbaycan Universitetinin professoru Asif Hacıyevin Rusiya Federasiyasının ali təhsil müəssisələrinin tələbələri üçün yeni dərs vəsaitləri nəşr olunub.

Saratov şəhərində nəşr olunan filologiya ixtisası üzrə təhsil alan bakalavr və magistrantlar üçün “XX və XXI əsrlərin qovşağında rus nəsri. Əsas istiqamət və cərəyanlar” adlı tədris-metodik vəsaitdə müasir rus nəsrinin tarixi tipologiyası, mövzu və motivləri, müasir ədəbi prosesin ümumi səciyyəsi və əsas inkişaf meyilləri nəzərdən keçirilir. Həmçinin neorealizm, kütləvi və şəbəkə ədəbiyyatı, modernizm və postmodernizm, eləcə də rus postmodernizminin Azərbaycan konteksti tədqiq olunub. Vəsaitdə ikidillilik və rusdillilik, rus nəsrində “türk üslubu” da nəzərdən keçirilib.

“XX əsrin ikinci yarısı rus nəsri. Mifopoetika məsələləri” dərs vəsaiti isə rus və keçmiş postsovet xalqları ədəbi prosesinin mühüm hadisəsi olan mifopoetik nəsr yaradıcılığına həsr edilib. Dərs vəsaitində B.M.Şukşin, V.İ.Belov, V.P.Astafyev, V.Q.Rasputin, Y.V.Trifonov, F.A.Abramov, V.F.Tendryakov, V.S.Makanin, A.A.Kim, V.V.Orlov kimi rus yazıçılarının yaradıcılığında mif-folklor elementlərinin, ənənəvi semantik universalilərin və süjet invariantlarının rolu tədqiq olunub.

Rusiya ali təhsil və filoloji tədqiqat təcrübəsində ilk dəfə dərs vəsaitinə müasir rus ədəbiyyatının Azərbaycan konteksti və Azərbaycan məktəblərində milli mentalitetə və müasir sosial-mədəni mühitə uyğun tədrisi haqqında bölmələr daxil edilib. Eyni zamanda ilk dəfə müasir rus nəsrində orijinal “türk üslubu”nun mövcudluğu və bədii özünəməxsusluğu türk əsilli rusdilli yazıçıların konkret əsərlərinin təhlili əsasında təsbit olunub.

Dərs vəsaitləri Rusiya Federasiyasının ali təhsil müəssisələri üçün tədris resurslarının nəşri üzrə ixtisaslaşmış “Ali təhsil” nəşriyyatının təşəbbüsü və vəsaiti hesabına çap edilib.

Qeyd edək ki, professor Asif Hacıyevin Rusiya ilə yanaşı Almaniya, Türkiyə və İranda da rus ədəbiyyatına dərs vəsaiti və monoqrafiyaları da nəşr olunub.