2022-ci ilin “Şuşa İli” elan olunması Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Pandemiyanın doğurduğu uzun fasilədən sonra ötən ilin oktyabrında yeni mövsümə  başlayan teatr repertuarındakı səhnə əsərlərini bərpa edib. Xanımana Əlibəylinin “Dovşanın ad günü” (premyera), Altay Məmmədovun “Dəli Domrul”, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Müsyö Jordan və dərviş Məstəli şah”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Abdulla Şaiqin “Danışan gəlincik” və digər tamaşalarla yanaşı, İsgəndər Coşqunun “Çal-oyna” nağıl-tamaşası və Vətən müharibəsində Qələbənin birinci ildönümü ilə əlaqədar “Qarabağ – Azərbaycandır!” adlı konsert proqramı da repertuara daxil edilib.

Teatrın kollektivi “Şuşa İli”ndə yeni səhnə əsərləri ilə də tamaşaçıların görüşünə gələcək. Hazırda teatrda Hüseyn Cavidin “Ana” tamaşasının son məşqləri gedir. Premyera yanvarın 29-da olacaq. Tamaşa böyük ədibin 140 illiyinə həsr olunub.