Publik hüquqi şəxs kimi fəaliyyət göstərəcəklər

 

Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının balansından çıxarılıb, onların əsasında “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxsləri yaradılıb.

Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilib.

Mərkəzi Nəbatat Bağı və Dendrologiya Bağı Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində publik hüquqi şəxslər olacaq.

Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla AMEA-nın Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.