Eldar Aslanov: «20-dən çox tələbəmizin Krems Universitetinin diplomunu almaq şansı var»
   
   Azərbaycan Turizm İnstitutu ikinci məzun buraxılışına hazırlaşır. Bu arada ATİ-nin Milli Təlim Mərkəzində 3 istiqamət üzrə təşkil edilən kurslar yekunlaşıb. Təhsil ocağında bu və digər yeniliklərlə tanış olmaq üçün ATİ-nin prorektoru Eldar Aslanovla həmsöhbət olduq. Müsahibimiz əvvəlcə institutun ikinci məzun buraxılışı haqqında məlumat verdi:
   
   - Bu il Azərbaycan Turizm İnstitutunda 8 ixtisas üzrə 230 tələbənin məzun olmaq şansı var. Bunlardan 220-si artıq lazım olan krediti toplayıb, dövlət imtahanına buraxılış imkanı əldə edib. Hələlik nə qədər tələbənin dövlət imtahanından keçə biləcəyini demək çətindir. Dövlət imtahanları iyunun ortalarından başlayır. İmtahanlar iki formada olacaq. Öncə tələbələr diplom işlərini müdafiə edəcəklər. Onlar Azərbaycan dili və xarici dildə müdafiə edəcəkləri mövzu ətrafında attestasiya komissiyası üzvlərinin suallarını cavablandıracaqlar. İkincisi isə şifahi dövlət imtahanı olacaq. Şifahi imtahanda tərtib edilən biletlərdəki suallar həm bir neçə xarici dil bilgilərini, həm də tələbələrin seçdikləri ixtisası əhatə edəcək.
   - Ötən il ATİ-nin 14 nəfər məzunu eyni zamanda Avstriyanın Krems Universitetinin diplomunu aldı. Bu il neçə tələbənizin bu diplomu əldə etmək şansı var?
   - Bu il ikili diplom proqramında 26 tələbəmiz təhsil alır. Hesab edirəm ki, 20-dən çox tələbəmizin Krems Universitetinin diplomunu almaq şansı var. Krems Universitetinin rektoru xanım Eva Vaqner iyunun 13-də Bakıya gələcək. Onun iştirakı ilə yaradılan komissiya tərəfindən ikinci diploma namizəd olan məzunlar imtahan ediləcək. Biz öz tərəfimizdən bu istiqamətdə lazım olan bütün işləri görmüşük. Onlar da gəlib müəyyən məsələləri araşdıracaqlar. Krems tələbələri üçün məzun mərasimi iyulun 15-də keçiriləcək. ATİ-nin ümumi məzun buraxılışı isə iyunun 31-də olacaq.
   - Ötən il birinci buraxılışda bəzi tələbələr diplom ala bilmədilər. Onlar bu il kəsirlərini verə bildilərmi?
   - Ötən il kəsiri olan tələbələrin əksəriyyəti bu il öz kəsirlərini bağlayıblar. Bir neçə nəfər qalıb ki, onlar da hazırda hərbi xidmətdədirlər. Əsgərlikdən qayıtdıqdan sonra yenidən imtahan verə bilərlər. Hətta biz belə bir variant da fikirləşmişik ki, kəsirini ödəməyə hazır olan tələbələrin yay vaxtını gözləməsinə ehtiyac olmayacaq. Onlar semestrarası dövrdə də kreditlərini toplayıb məzun ola biləcəklər.
   - ATİ-nin Milli Təlim Mərkəzinin təşkil etdiyi kurslar hansı mərhələdədir?
   - Kurslar hər üç istiqamət üzrə yekunlaşıb. Azərbaycan Turizm Assosiasiyası ilə birlikdə həyata keçirdiyimiz ön büro və qeydiyyat kurslarının dinləyicilərinə mayın 16-da sertifikatlar təqdim olundu. Bu kursu bitirən 9 nəfər işlə təmin olunub. Mayın 31-də turoperator-turagent kursunun da yekun imtahanı oldu. Bu kurslarda iştirak edən 6 nəfər dinləyicidən 4-ü sertifikat aldı, 2 nəfərdən isə təkrar imtahan götürüləcək.
   Təşkil etdiyimiz digər istiqamət üzrə kurslar bələdçilərin hazırlanması ilə bağlı idi. Bu kurslar da artıq yekunlaşıb. Kursun dinləyicilərinə 82 saat nəzəri dərslər keçirilib, 42 saat - təxminən 7 günlük təcrübə müddətində olublar. Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə Bakı və Bakıətrafı ekskursiya turlarının reallaşdırıldığı məkanlara turlar təşkil olunub. Bələdçi kurslarının iştirakçıları həmin turlarda təcrübə keçiblər. Bu işə təcrübəli bələdçi Əlixan Mürvətov rəhbərlik edirdi. Dinləyicilər Qobustan, Yanardağ, Qala Etnoqrafik Muzeyinə, Mərdəkan Dendrari Parkına, Atəşgaha, İçərişəhərə, muzeylərə təşkil edilən ekskursiyalarda, gündəlik şəhər turlarında özlərini bələdçi kimi sınadılar. Artıq təqdimatlar verilib. Bu kursun 16 nəfər dinləyicisi var. Onlardan 4-ü iki xarici dil üzrə - ingilis və rus dilləri, digərləri isə bir xarici dil üzrə kurslar keçiblər. Onlar ingilis, fransız, alman və ərəb dili bələdçiləridir. Bu kursu bitirənlərin siyahısını yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəcəyik. Sonrakı mərhələdə həmin dinləyicilər təsdiq olunmuş müvafiq əsasnamə əsasında dövlət attestasiyasından keçib şəhadətnamə və bələdçi nişanları alacaqlar. Onlar müstəqil Azərbaycanın tarixində ilk rəsmi bələdçilər kimi fəaliyyətə başlayacaqlar.
   Bir məqamı da qeyd edim ki, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi tərəfindən turizm şirkətlərinə, hotellərə, istirahət mərkəzlərinə, muzeylərə, qoruqlara bələdçilik fəaliyyəti ilə məşğul olan əməkdaşları haqqında məlumatları Attestasiya Komissiyasına təqdim etmələri barədə məktub göndərilib. Onlar kurslara cəlb edilmədən birbaşa attestasiyadan keçiriləcəklər. Məqsəd «Turizm ili»nin sonuna qədər Bakı şəhərində yerləşən turizm obyektlərində bələdçi fəaliyyəti ilə məşğul olan insanları attestasiyadan keçirib müvafiq sertifikatla təmin etməkdir.
   - Azərbaycanın turizm sektorunda bütün istiqamətlər üzrə kadr hazırlığına ehtiyac var. Bu baxımdan daha hansı istiqamətlərdə kurslar təşkil etmək niyyətiniz varmı?
   - İyun ayından Azərbaycan Turizm İnstitutunun Milli Təlim Mərkəzində animatorluq kurslarına yazılış başlayıb. Bunun çox maraqlı bir kurs olacağı qənaətindəyəm. Ölkəmizdə animatorluq, mədəniyyət, şou-biznes sahələrində təcrübəsi olan insanları da bu kurslara cəlb etmək niyyətindəyik. Turizm-istirahət mərkəzlərimizdə mədəni proqramların təşkil olunması, turistlərin asudə vaxtlarının təşkil edilməsi üçün rəngarəng proqramların tərtib edilməsinə ehtiyac var. İstirahət məkanlarında müxtəlif yaş qruplarında insanlar, uşaqlar, ailəvi istirahət edənlər üçün ayrıca proqramlar təşkil edilməlidir. Animasiya kursları məhz mədəni proqramlar təşkil etməyi bacaran insanlar üçündür. Artıq bəzi hotellərin rəhbərləri ilə bu məsələ ətrafında söhbətlərimiz olub. Onlar öz əməkdaşlarını bu kurslara göndərməyə razıdırlar. Ötən həftədən artıq elan vermişik.
   - Rayonlarda regional səyyar kursların təşkili ilə bağlı institutun hansı planları var?
   - Bu məsələ hazırda gündəmdədir. Konkret olaraq Şamaxı, Zaqatala, Qusar və Lənkəran rayonlarının icra hakimiyyətlərindən kursların orada təşkil edilməsi ilə bağlı təklif gəlib. Amma hələlik bir neçə səbəbdən bunu həyata keçirə bilmirik. Birincisi, «Turizm ili» ilə əlaqədar Bakıdakı kurslar sıx proqramlar üzrə keçirilir. Bu səbəbdən kursdakı müəllimləri rayonlara ezam edə bilmirik. Digər tərəfdən isə turizm mövsümünün qızğın vaxtı olduğundan kurslara insanları cəlb etmək çətindir. Bütün müəssisələr qonaqların qəbulu ilə məşğuldur. Yay turizm mövsümü sona çatdıqdan sonra həmin rayonlarda müvafiq kursları reallaşdıracağıq. Artıq onlara bu barədə məlumat vermişik.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar