Ötən ilin yekunları və bu il üçün nəzərdə tutulan işlər

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti 2021-ci ildəki fəaliyyətinin yekunları və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair məlumatları media mənsubları ilə bölüşdü. Yanvarın 7-də Milli Xalça Muzeyində keçirilən mətbuat konfransında Dövlət Xidmətinin rəisi Azad Cəfərli bu barədə ətraflı söhbət açdı.

Dövlət Xidmətinin rəisi bildirdi ki, ötən il ərzində tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsinə nəzarət baxımından bir sıra işlər həyata keçirilib. Bu sahədə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində görülən işlər davam etdirilib.

Dövlət Xidmətində aparılan struktur islahatları ilə bağlı danışan Azad Cəfərli diqqətə çatdırdı ki, dövlət başçısı tərəfindən 22 oktyabr 2019-cu il tarixində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalanıb. Fərmana uyğun olaraq, Bakı, Gəncə, Şabran, Salyan və Qəbələ regional idarələri fəaliyyətə başlayıb. Bu idarələrin yaradılmasında məqsəd tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsi, idarəçilikdə səmərəliliyin təmin edilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkili, müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqi, eləcə də tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqini təmin etməkdir.

Qeyd edildi ki, regional idarələrin kadr potensialı qabaqcıl təcrübə əsasında müsahibələr vasitəsilə formalaşdırılıb. Eləcə də qazi və şəhid ailələrinin üzvü olan 23 nəfər Dövlət Xidmətinin əməkdaşları sıralarına qoşulub. Hazırda regional idarələrin maddi-texniki bazalarının formalaşdırılması istiqamətində işlər davam etdirilir.

 

110 abidənin pasportu, 72-sinin mühafizə zonası təsdiq edilib

 

Azad Cəfərli diqqətə çatdırdı ki, mədəni irsin qorunması işinin kompleks şəkildə təşkil edilməsi məqsədilə abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işləri il ərzində davamlı şəkildə həyata keçirilib. Hesabat dövründə 110 tarix-mədəniyyət abidəsinin pasportu və 72 abidənin mühafizə zonası təsdiq edilib. Hazırda daha 155 abidənin pasportu, abidələrin mühafizə zonaları üzrə isə 108 layihənin hazırlanması üzərində iş aparılır. Pasportu hazırlanan abidələrin 42-si və mühafizə zonası hazırlanan abidələrin isə 10-u işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin payına düşür.

Bildirildi ki, Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətlərindən biri də daşınmaz tarix və mədəniyyət abidələrində bərpa-konservasiya işlərinin aparılmasıdır. Şabran rayonunda yerləşən Çıraqqala abidəsində bərpa-konservasiya işləri davam etdirilib. Qazax rayonunda Müəllimlər Seminariyası binasının bərpasına başlanılıb. Daha 10 abidədə bərpa-konservasiya işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq addımlar atılıb.

Ötən ilin martında “Çıraqqala-Şabran”, “Qədim Şəmkir şəhəri” və “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əsasnamələri təsdiq olunub.

Abidələrin mühafizəsi mövzusuna toxunan Dövlət Xidmətinin rəisi vurğuladı ki, abidələrin mühafizə zonalarının zəbt edilməsi və özbaşına tikinti işlərinin aparılmasının qarşısı alınıb, abidələrin qəsdən korlanması və ya məhv edilməsi ilə bağlı aşkara çıxan 7  faktla bağlı hüquq mühafizə orqanlarına, 12 fakt barəsində isə yerli icra hakimiyyəti orqanlarına müraciət olunub. Ağdaş rayonunda Qarabəy karvansarası, Bərdə rayonunun Lənbəran və Uğurbəyli kəndlərindəki məscidlərdə təsdiq edilmiş layihə olmadan aparılan işləri misal göstərmək olar.

 

Beynəlxalq ekspertlərin işğaldan azad edilmiş ərazilərə səfərləri

 

İşğaldan azad olunmuş ərazilərdəki mədəniyyət obyektlərinin monitorinqi, ilkin inventarlaşdırılması və mühafizə tədbirləri barədə söz açan Azad Cəfərli dedi ki, monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edir.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Bu abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidə, 17-si dekorativ-tətbiqi sənət nümunəsidir.

Dövlət Xidmətinin rəhbəri beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətə toxunaraq diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına tərəf dövlətlərin 14-cü iclasında, Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclasında, eyni zamanda Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 16-cı iclasında iştirak edib. İclaslarda Konvensiyasının implementasiya ilə bağlı məsələlər, əməkdaşlıq istiqamətləri, Konvensiyasının icrası barədə milli hesabatların təqdim olunub və digər məsələlərin müzakirə edilib. Azərbaycan “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının İkinci Protokolu üzrə Komitənin üzvü seçilib.

Ölkə ərazisində olan bir sıra abidələrin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün sənədlər hazırlanıb. Beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunub. Səfər çərçivəsində ekspert qrupu Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Tərtər, Xocavənd, Kəlbəcər rayonlarında yerləşən erməni vandalizminə məruz qalmış daşınmaz tarix və mədəniyyət abidələrinə baxış keçirib və müvafiq məlumatlar toplanılıb. Həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinosun ölkəmizə səfəri çərçivəsində Füzuli və Ağdam şəhərlərinə səfər təşkil edilib. Qonaq işğalçı Ermənistanın törətdiyi vəhşiliklər, eləcə də tarixi, dini və mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb.

Ötən il Dövlət Xidmətinin fəaliyyətində Zəfər Gününün birinci ildönümünə həsr edilmiş “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans da yaddaqalan olub. Tədbirdə yerli və xarici qonaqlar, ekspertlər, eləcə də dövlət rəsmiləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

 

Şuşa abidələrinin “Bərpa təlimatı”

 

Azad Cəfərli bildirdi ki, 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi qarşımızda yeni məqsədlər qoyub. Ötən il ərzində Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilib. Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb. Eyni zamanda Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin kataloqu ərsəyə gətirilib. Hazırda “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı nəşr üzərində iş aparılır.

Bundan əlavə, Şuşa şəhərindəki abidələrin “Bərpa təlimatı” hazırlanıb. Sənəddə işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, tarix-memarlıq tədqiqatları və memarlıq tipologiyası öz əksini tapıb.

Qeyd edildi ki, “İşğaldan azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar “yol xəritəsi” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Şuşa, Ağdam və Füzuli rayonlarının Baş planı ilə bağlı müvafiq rəy də hazırlanıb aidiyyəti üzrə göndərilib. Eyni zamanda Xocavənd rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi ilə bağlı müzakirələr aparılıb və müvafiq sənədlər razılaşdırılması məqsədilə aidiyyəti üzrə təqdim edilib.

O da bildirildi ki, ötən il Dövlət Xidməti tərəfindən Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin, Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr də hazırlanıb, Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub.

Mətbuat konfransında KİV nümayəndələrinin müxtəlif sualları cavablandırıldı.

L.Azəri