Yanvarın 11-də Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənkənar iclası keçirilib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə videokonfrans formatında gerçəkləşən iclasda Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov, Türkmənistanın Baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev çıxış ediblər.
“Azərbaycan qardaş Qazaxıstandakı mövcud vəziyyəti dərin narahatlıqla izləyir. Ötən həftə baş verən hadisələrin insan tələfatı ilə nəticələnməsi xüsusilə təəssüf doğurur... Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasının tərəfdarıdır. İctimai asayişə xələl gətirən, fundamental insan hüquqlarına və vətəndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa heç bir bəraət qazandırıla bilməz və buna görə də qətiyyətlə pislənməli və rədd edilməlidir. Biz Qazaxıstan xalqının və hökumətinin müdrikliyinə və qabiliyyətinə inanırıq. Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək”, – deyə xarici işlər naziri Ceyhun Bayramov çıxışı zamanı bildirib.
Azərbaycan XİN başçısı vurğulayıb ki, bu baxımdan Türk Dövlətləri Təşkilatının üzərinə mühüm vəzifə düşür. Təşkilat üzv dövlətlər arasında həmrəylik üzərində qurulub və bu çətin zamanda qazax bacı və qardaşlarımızın yanında olmaq bizim ümumi məsuliyyətimizdir.
Təşkilatın mövcud vəziyyətdən çıxış yolu tapmaqda Qazaxıstana lazım gəldikdə yardım etməyə hazır olduğunu ifadə edən 6 yanvar 2022-ci il tarixli bəyanatını alqışlayan Ceyhun Bayramov “bugünkü görüşü və qəbul edəcəyimiz birgə bəyanatı Qazaxıstan xalqı və hökuməti ilə açıq-aydın həmrəylik nişanəsi kimi yüksək dəyərləndiririk”, – deyə əlavə edib.
Nazir qeyd edib ki, dərin köklü etnik, dini və tarixi qardaşlığa malik ölkələr kimi Azərbaycan və Qazaxıstan həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycan yalnız bizim dövlətlərimiz və xalqlarımızın xeyrinə deyil, həmçinin bölgədə və ondan kənarda təhlükəsizlik, sabitlik və əməkdaşlığa ciddi şəkildə töhfə verəcək bu münasibətlərin daha da dərinləşdirilməsi məqsədinə sadiqdir.
Qazaxıstanda sülh və sabitliyin qorunması, bölgə və Türk Dövlətləri Təşkilatı üçün olduğu kimi, qlobal sülhün qorunması üçün də xüsusi əhəmiyyət daşıyır. Qazax xalqı mövcud problemlərin həlli istiqamətində birlik və bərabərlik nümayiş etdirmək iqtidarındadır.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iclasda çıxışı zamanı ifadə edib.
Türkiyə XİN rəhbəri vurğulayıb ki, biz Qazaxıstana güvənir və inanırıq: “Türk dünyası olaraq Qazaxıstanın yanında olacağıq. Allahın izni ilə sabitlik və rifah yolunda birlikdə yürüyəcəyik”.
Çıxışlardan sonra Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının adından bəyanat qəbul olunub.
Bəyanatda təşkilatın üzvü olan Qazaxıstana güclü dəstək və həmrəylik bir daha təsdiqlənib. Regionda və onun hüdudlarından kənarda sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edən Qazaxıstanda sülh və sabitliyin vacibliyi vurğulanıb. İnsan həyatı üçün təhlükə yaradan, ictimai asayişi pozan və əmlaka ziyan vuran zorakılıq və vandalizm aktları pislənilib. Qazaxıstan hakimiyyətinin ölkədə ictimai asayişi və vəziyyətin normallaşmasını sürətlə bərpa etmək imkanlarına inam vurğulanıb. Beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə riayət edilməsinin vacibliyi qeyd edilib, Qazaxıstan hökumətinin Konstitusiya quruluşunu devirməyə yönəlmiş terrorçulara, ekstremistlərə və cinayətkarlara qarşı həyata keçirdiyi antiterror əməliyyatları dəstəklənib. Eyni zamanda “Türk Dünyasına Baxış 2040” sənədinin milli və beynəlxalq çağırışlar qarşısında koordinasiya, əməkdaşlıq və qarşılıqlı yardım üçün bələdçi olduğuna diqqətə çəkilib. Təşkilat hazırkı böhrandan çıxmaq üçün, lazım gələrsə, Qazaxıstan xalqını və hökumətini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib. Habelə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qardaş Qazaxıstan xalqının güzəranının və rifahının daha da yaxşılaşmasına yönəlmiş islahat gündəliyi dəstəklənib.
Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası bu məsələdə sıx əməkdaşlığı və məsləhətləşmələri davam etdirməyi qərara alıb.