Tahir Qədəşov: «Atlant» ailəvi istirahət və əyləncə mərkəzi sutkada 800 nəfər turisti qəbul etməyə hazırdır»
   
   Artıq yay turizm mövsümü başlamaq üzrədir. İnsanların əksəriyyəti ilin yorğunluğundan azad olub dincəlmək, xoş əyləncəli anlar yaşamaq üçün istirahət mərkəzlərinə yollanırlar. 
   Xaçmaz rayonunun Nabran qəsəbəsindəki «Atlant» ailəvi istirahət və əyləncə mərkəzi yay mövsümündə insanların daha çox üz tutduğu məkanlardandır. Mərkəzin rəhbəri Tahir Qədəşov bizimlə söhbətində turizm obyektinin fəaliyyəti, xidmət səviyyəsi, problemlər barədə danışdı.   

    - «Atlant» istirahət və əyləncə mərkəzi 2000-ci ildə inşa edilib. Hazırda mərkəz sutkada 800 nəfər turisti qəbul etmək imkanındadır. Turistlərə yüksək səviyyəli xidmət təklif edirik. Bu baxımdan mərkəzimiz, mən deyərdim ki, Türkiyənin Antalya bölgəsindəki turizm obyektləri ilə müqayisə olunan səviyyədədir. Düzdür, bəzi xidmətlərdə biz Türkiyədən geri qalırıq. Bunun da səbəbləri var. Birinci səbəb olur ki, bizdə turizm mövsümü çox qısadır, təxminən iki ay təşkil edir. Hazırda iyunun əvvəlidir, istirahət mərkəzi 800 nəfərin qəbulu üçün hazırdır, amma hələlik turist yoxdur.
   - Bu qiymətlərin yüksək olması ilə bağlı ola bilərmi?
   - Mən turizmlə bağlı keçirilən bir çox tədbirlərdə bu mövzunun müzakirəsinin şahidi oluram. Amma bu müzakirələrdə əksər vaxt bölgələrdə yerləşən turizm mərkəzlərinin rəhbərləri iştirak etmir və məsələnin əsas məğzi də bilinmir.
   Cənab prezident 2011-ci ili «Turizm ili» elan edib. Biz də bununla əlaqədar olaraq mayın 3-də Bakı şəhərindəki 54 dövlət təşkilatına müraciət göndərmişdik ki, mayın 5-dən 31-dək işçiləri bu mərkəzdə dincələ bilərlər. Bir nəfər üçün bir günə 28 manat müəyyənləşdirmişdik. Bu qiymətə əyləncələr və gündə 3 dəfə yemək daxil idi. İyunun 1-dən 15-dək isə gündə üç dəfə yemək və əyləncə daxil olmaqla 35 manat təşkil edir. İyunun 15-dən avqustun 28-dək qiymət 40 manat, avqustun 28-dən sonra sonrakı müddətə qədər yenə 28 manat təşkil edir. Bu elə də böyük rəqəm deyil.
   Qayıdaq mövsüm müddəti məsələsinə. Məsələn, Türkiyədə istirahət mərkəzləri ilin 8 ayını işləyir, bir ay əvvəlcədən hazırlıq gedir. Təbii ki, oradakı mərkəzlərin demək olar ki, ilboyu çalışan işçiləri çox peşəkardırlar, təcrübələri daha çoxdur. Bizdəki işçilər isə müvəqqəti işçilərdir, biz ilboyu burada işçi saxlaya bilmirik. Bu bir yana qalsın. İlboyu işləməsək də, obyektin xidmətində durmalıyıq. Bu da öz növbəsində xeyli məsrəf tələb edir. Həmin məsrəf isə 2 ay ərzində əldə olunmalıdır. Gördüyünüz kimi, bu çox mürəkkəb bir prosesdir.
   - Bizdə turizm mövsümünün qısamüddətli olmasının əsas səbəbi nədir və bu müddəti artırmaq, turistləri cəlb etmək üçün hansı tədbirlər görülməlidir?
   - Turizm mövsümünün qısa müddətli olmasının ən böyük səbəbi odur ki, biz hələ ki bölgələrə xarici turist cəlb olunmasını lazımınca qura bilməmişik. Ötən illərdə bir sıra ölkələrdə turizm sərgilərində iştirak etmişik, orada mərkəzimiz, turizm imkanlarımız barədə ziyarətçilərə məlumatlar vermişik. Amma hələlik bunun real nəticəsini görmürük. Çünki yol-nəqliyyat xərcləri çox yüksəkdir. Azərbaycana ən yaxın qonşumuz olan Rusiyadan turistlər 600-700 dollara 7 günlük paketlə təyyarə ilə gedib bir çox ölkələrdə dincələ bilir. Bizdə isə təkcə Moskvaya gedib gəlmək 600 dollara başa gəlir. Belə olan halda xarici turistə 7 gün necə və hansı qiymətə xidmət edəsən? Odur ki, ilk növbədə təyyarə biletlərinə heç olmasa 50 faiz endirim olmalıdır. Çarter təyyarə reyslərinə gəlincə, turizm şirkəti təyyarəni AZAL-dan icarəyə götürməlidir. Bizə xarici ölkələrdən turist mütləq lazımdır. Məsələn, soyuq ölkələr olan Rusiya, Almaniya və digərlərinin vətəndaşları 18-20 dərəcə hava temperaturunda dəniz və hovuzda çimirlər. Azərbaycan vətəndaşları isə hava ən azı 35 dərəcə, su isə 27-28 dərəcə olduğu zaman hovuz və dənizdə çimirlər. Bizdə bir çox ailələr gözləyirlər ki, uşaqları orta məktəbi bitirsin, attestat alsın, sənədləri universitetə versin, nəticələri bilinəndən sonra ailəsi ilə birlikdə buraya gəlsin. Bu da avqust ayına gedib çıxır. Göründüyü kimi, yerli və xarici turistlər arasında fərqlər var. Bölgələrdə yerləşən istirahət mərkəzlərinə turistlərin gəlişi üçün zəruri şərait yaradılsa, qalan problemlərin həlli çətin olmaz.
   - «Atlant» istirahət mərkəzində bu turizm mövsümündə əvvəlki illərlə müqayisədə qiymətlərin aşağı olacağını gözləmək olarmı?
   - Qiymətlər yetərincə aşağıdır. Qeyd etdiyim kimi, qiymətin 28 manatdan aşağı olması mümkün deyil. Yenə deyirəm, bizi Türkiyə turizmi ilə müqayisə etmək o qədər də doğru deyil. Türkiyədə turizm on illərdir inkişaf edir. Biz isə ötən il gündə 3 dəfə yemək, 26 növ əyləncə xidmətini 40 manata satırdıq. Keçən il üç ay ərzində 28 min turist qəbul etmişik. Bu il qiymətlər daha əlverişlidir.
   
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar