Misirli arxeoloqlar Sinay yarımadasında eramızdan əvvəl 2040-1780-ci illərə (Qədim Misirin orta krallıq dövrü) aid tikili aşkar ediblər.
Misirin Qədim Abidələr Ali Şurasının sədri Mustafa Vəziri dörd min il əvvəl bu ərazidə qədim Misirdə səma tanrısı Hatorun məbədinin də olduğunu bildirib. O əlavə edib ki, hazırda Əl-Nəsb vadisində arxeoloji qazıntılar davam edir.
Arxeoloqların rəyinə görə, son Roma dövründə bu tikili su qıtlığı səbəbindən tərk edilib və sonradan mis emalatxanası kimi istifadə olunub. Evin iki zalı, iki kiçik otağı və qumdaşından olan çardağı var. Burada mis filizi, dörd ədəd düzbucaqlı mis külçə, çoxlu məişət əşyaları və mis emal etmək üçün sobalar da tapılıb.
Sinay yarımadasının Əl-Nəsb vadisi o zamanlar böyük misəritmə məkanı olub. Bundan başqa, vadidə çoxlu sayda qaya kitabələri də mövcuddur.
Cavid