Yanvarın 13-də Qətərin paytaxtı Doha şəhərində 31-ci Beynəlxalq Kitab Sərgisi işə başlayıb. Dünyanın 37 ölkəsinin təmsil olunduğu sərgidə Azərbaycan da iştirak edir.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təmsil olunduğu sərgidə ölkəmizə dair ekspozisiya qurulub. Ekspozisiyada Azərbaycan, ərəb və ingilis dillərində kitablar yer alıb.

Ölkəmizin stendində Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə bağlı sərəncamına müvafiq olaraq dahi şair və mütəfəkkirin nəfis tərtibatda nəşr edilmiş  “Xəmsə”si, professor Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis və ərəb dillərində nəşrləri, Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərəb dilində nəşr edilmiş kitablar və ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfərə həsr olunmuş kitablar nümayiş olunur.

Sərginin açılışına Qətərin mədəniyyət naziri və digər rəsmi şəxslər qatılıb. Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Milli Kitabxananın direktoru Kərim Tahirov sərgidə iştirak edirlər.

Qətər Mədəniyyət Nazirliyinin himayəsi ilə keçirilən sərgi yanvarın 22-dək davam edəcək.

Qətərin paytaxtı beynəlxalq kitab sərgisinə ilk dəfə 1972-ci ildə ev sahibliyi edib. 2002-ci ilədək sərgi iki ildən bir təşkil edilib, ondan sonra hər il keçirilir. 2010-cu ildən başlayaraq hər sərginin fəxri qonaq ölkəsi olur. 31-ci Doha Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı ABŞ-dır.